Media

Qərbdən Şərqə baxış: “İtirilmiş maarif”

Qərbin elm dairələrində “tiranların dostu” (ona görə ki müəllif İslam Kərimovdan “Dostluq” ordeni alıb, Azərbaycanın hakim ailəsilə də yaxındır) adlandırılan Fredrikck Starın “İtirilmiş maarif”i bütün qüsurlarına (tərcümədə, redaktədə, korrektədə) rəğmən qiymətli araşdırmadır. Bu ağır işi üzərinə götürən Nəriman Qasımoğluna təşəkkür edirəm. Əlbəttə, könül istərdi ki, kitabı ingiliscə oxuyaq, təəssüf…
Nəşr Mərkəzi Asiyanın tarixi, elmi, fəlsəfəsi, coğrafiyası, musiqisi, dinləri, təbabəti, ticarəti, memarlığı, sosial həyatı, ədəbiyyatı, şəxsiyyətləri və onlar arasındakı münasibətləri barədə əhatəli məlumatlarla zəngindir. Bu mənada müəllif Mərkəzi Asiyanın aydınlıq dövrünün XVIII əsr Avropasının maarif dövrünü önlədiyi qənaətinə gəlir və üstəlik, isveçrəli şərqşünas Adam Mezin “Mərkəzi Asiyadakı daha erkən qızğın fəlsəfi araşdırmalar olmasaydı, Avropa intibahının humanizmi ortaya çıxa bilməzdi” fikinə haqq qazandırır.
Əlbəttə, Mərkəzi Asiya intellektual sinfinə yunan dünyagörüşünün təsiri şübhəsizdir, amma müəllif  onları: “Qədim yunan keçmişinə aid nailiyyətlərin, sadəcə, ötürücüləri deyildilər, həmçinin müxtəlif sahələrdə yeni biliklərin yaradıcıları idilər” deyə qiymətləndirir. Məsələn, astronomiyada Xocəndi, Uluqbəy, coğrafiyada Kolumba təsir göstərən Fərqani, riyaziyyatda Xarəzmi, Xəyyam, optikada İbn Səhl, biologiyada Biruni, təbabətdə İbn Sina, tarix elmində Beyhaqi, Rəşidəddini, etnoqrafiyada Qaşqari, Balasaquni…
Kitabxanaları ilə bol olan şəhərlər
Kitabxanaların bol olduğu Mərkəzi Asiyanın Mərv, Ürgənc, Bəlx, Nişapur, Səmərqənd kimi şəhərlərinin təsviri müqayisəli şəkildə aparılır. Məsələn, Çin və Bizans mənbələrinə əsasən regionu “1000 şəhərdən ibarət yurd” deyə qələmə alan araşdırmaçı Mərkəzi Asiya şəhərlərini Çin və Avropa şəhərləri ilə müqayisə edir.
Ümumiyyətlə, araşdırma boyu müqayisəli tarix əsasında intelektual həyat, ticarət, şəhərləşmə, suvarma sistemləri (XXI əsrin Azərbaycanı hələ bu məsələni həll etməyib), cəmiyyət, insanlar, ixtiralar izlənilir. Beləliklə, müəllifin əsaslandığı mənbələr deyir ki, ərəb işğalına qədər Mərkəzi Asiyanın şəhərlərində ixracyönümlü sənaye müəssisələri vardı.
Mərkəzi Asiyanın qeyri-adiliyi ondaydı ki, uzun və mürəkkəb tarixin gedişatında işğalçıları idarə etmək sənətini mənimsəmişdilər, səbəblərdən biri kimi məsafə uzaqlığı və idarəçi heyətlərin azlığı idi.
Dinlər
“Mərkəzi Asiya sivilizasiyasının ən çox diqqət çəkən özəlliyi plüralizm və müxtəliflik idi”, – deyən araşdırmaçı hesab edir ki, zərdüştçülüyün, maniçilərin, yunan allahlarının, buddistlərin (taliblərin Budda abidələrini dağıtmaları unudulmayıb), xristianların və nəhayət, islamın yayılması bölgəyə zənginlik gətirib.
Suriyalı xristian Səhl Təbəri Evklidin Elementlər əsərini ərəbcəyə çevirdi, bu dildə ilk dəfə ensiklopediya yazdı, təbabət sahəsi onunla başladı və yetirməsi Razidən İbn Sinaya keçdi.
Yaxud yunanların Əfqanıstanda saldıqları Ay Xanım teatrı, təhsil-idman gimnaziyaları olan şəhər idi. Məhəmmədin hədislərini ilk toplayanlardan Əbu İsa Tirmizi Özbəkistanda buddist mərkəzi sayılan Termezdə doğulmuşdu.
Xalqlar
Mərkəzi Asiyanın etnik mənzərəsinin qarışıq olduğunu deyən Fredrikck Star əlavə edir ki, əksəriyyət farslar və türklərdir. Amma müasir türklər X əsr Mərkəzi Asiyalının türk dillərini anlamaqda çətinlik çəkirdilər. Necə ki tehranlı Soqd, Baktriya, yaxud Xarəzm dillərini çətin qavraya bilirdi, hərçənd bunların hamısı İran dillər qrupuna daxil idi.
Müxtəlif İran və türk xalqları Böyük Mərkəzi Asiya ərazisində qarşılaşmış və bir-birinə qarışmışdılar. Orada onlar erkən çağlardan özlərinə xas plüralist, lakin olduqca real və fərqli bir kimlik qazanmışdılar. Yazı dili isə ərəb dili idi…
Ümumiyyətlə, III-VIII əsrlərdə bölgə hökmdarları müstəqil fəaliyyət göstəriblər və hər hansı əcnəbi hökmdarın yerli canişini olmayıb.
İxracı
Ərəb işğalından 4 əsr əvvəl Avrasiya ticarətinin önündə Səmərqənd, Pəncikənd tacirləri dayanırdı. Hər şəhərin öz ticarət istiqaməti vardı, Mərv tacirləri Qərbə, bəlxlilər Hindistana, fərqanəlilər Dəməşqə və Lahora üz tuturdular. Nələr aparırıdılar: polad ülgüclər, gil qablar, kağız, ipək, nasoslar, vintlər, hətta fleyta, barmaqla və kamanla çalınan simli alətlər, kürsü və.s. Beləliklə, ərəb işğalçıları bölgəyə gələndə icracyönümlü iqtisadiyyat qurulmuşdu.
Alimləri
Düşünəndə ki İbn Sinanın 400-dən artıq kitab və risaləsindən 240-ı, Biruninin 180 əsərindən 22-i (onun da 7% çap edilib) bu günə gəlib çatıb, məyus olmaya bilmirsən. Ki, hələ ərəb və monqol işğalında yandırılan kitabxanalarda nələr məhv oldu. Fredrikck Starın araşdırmasında bir çox fəsillər təsirlidir, ancaq elm və alimlərlə bağlı hissələrdən doymaq olmur. Məsələn, İbn Sinayla Biruninin kəskin suallarla dolu məktublaşmaları…
Hələ Xocəndi, Fərqani, Xarəzmi, o qədərdir ki, bilmirsən, hansını xatırlayasan. Necə ki yunan mədəniyyəti sonda qalib Romanı fəth etmişdi, eləcə də Mərkəzi Asiya mədəniyyəti abbasiləri və onların yeni paytaxtı Bağdadı fəth etdi. Bərməki ailəsinin tərcümə işi və kitab çapında möhtəşəm əməlləri bir tarixdir, ancaq müəllif haqlı olaraq deyir ki, Esxili, Sofoklu, Evripidi, Heredotu, Fukdidi, Aristotelin “Siyasət”ini diqqətdən kənar qoymasaydılar, İslam dünyası necə fərqli olardı?!
Dinlə döyüşən cənagəvər Razi 
İmmunologiyanın atası, ilk dəfə qızılcanı çiçək xəstəliyindən fərqləndirən, allergiyalar, pediatriya haqda ilk əsər yazan Məhəmməd ibn Zəkəriyyə ər-Razini xatırlamamaq mümkünsüzdür. Çünki IX-X əsrdə yaşayan bu dahi həmçinin peyğəmbərlərin fırıldaq əməlləri, peyğəmbərlik iddiasında olanların quramaları, vəhylə gəlmiş dinlərin təkzibi risalələrini də qələmə alıb. Buna görə də İbn Sina: “Kaş o elə yalnız maye, sidik, nəcis analizlərində ilişib qalaydı”, – deyə arzulayıb.
Qərəz, kitabı oxuyun!
Natiq Cavadlı

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button