Media

Məhkəmə hərbi jurnalisti cərimələdi: “Yenə bəzi hərbi məmurlar “erməni görür” çətirinin altında gizlənirlər”

Dekabrın 18-də son yazılarla bağlı Baş Prokurorluğa dəvət edildim. İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi.

JAMAZ.info xəbər verir ki, bunu hərbi jurnalist Səxavət Məmməd bildirib. Onun sözlərinə görə, Baş Prokurorluqda təzyiqlə üzləşməyib. “Hörmətlə davrandılar. Məhkəmədə hakim vəkil istəyib-istəmədiyimi soruşdu, o vaxt kimisə narahat etmək istəmədim, özüm özümü müdafiə etdim. Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım. Ordudakı bəzi generallar düşünür ki, yazım ordunun döyüş qabiliyyətini aşağı salırmış. əgər bir yazıya görə hər hansısa bir ölkənin ordusunun döyüş qabiliyyəti aşağı düşərsə, o ordudakı generallar tabel silahından yox, çünki bu şərəfli zabitlərə məxsusdur, ipi sabunlamadan özünü assa, daha yaxşı olar.
Bəzi insanlar elə başa düşürdü ki, Nəcməddin Sadıkov ordudan getsə, hər şey düzələcək, ancaq onlar anlamırdılar ki, 27 il BQR olmuş şəxs hörümçək toru qurub. Bəzi insanlar elə düşünür ki, ordu Türkiyə modelinə keçir deməklə hər şey həll olur, ancaq bir çoxları anlamır ki, rusbaşlar hələ də var və önəmli mövqedədirlər. Model dəyişimi sancılı olacaq.
Kimlərsə elə düşünür ki, ordunu ləkələməklə məşğulam. Hər zaman demişəm ki, ordunu hərbi məmurlardan ayırıram. Özüm də bu orduda xidmət etmişəm, nəslimdə, kökümdə ordudan yayınan da olmayıb. Orduda çoxlu sayda dostum, tanışım var. Qohumlardan birini belə tapşırmamışam. Daha doğrusu, tapşırmışam, sıxılmağını, bərkə-boşa salınmağını tapşırmışam. Qohumlarımdan çoxu bunu hiss edib, ancaq niyəsini bilməyiblər.
Düşünürlər ki, ordunu gözdən salmağa çalışıram. Belə bir istəyim, arzum, niyyətim olsaydı, müharibə dövründən gözəl şərait var idi? Nəinki 44 günlük müharibə dövrü, birinci müharibənin araşdırmasında da ancaq qalib gəlinən döyüşləri, əməliyyatları yazmışam.
Yenə bəzi hərbi məmurlar “erməni görür” çətirinin altında gizlənirlər. Olmaz ki, erməni görməsin deyə əməlinizə diqqət edib, nəfsinizə hakim olasınız?
Deyir, xain xoflu olar. Hələ də çoxlu sayda xoflular var.
Məhkəmənin qərarı hələ əlimə çatmayıb. Məhkəmənin qərarı əlimə keçəndən sonra növbəti addımımın nə olacağına qərar verəcəm” – deyə jurnalist bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button