“Çap mediası çətinliklərlə üzləşib” – Yeni baxış tələb olunur
“Media sahəsində yeni konseptual baxış tələb olunur”.
Jamaz.info xəbər verir ki, bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov deyib.
O vurğulayıb ki, müasir dövrdə çap mediası çətinliklərlə üzləşib:
“Azərbaycanda bu problem reklam və yayım məsələlərindədir. Ümumilikdə götürüləndə son dövr ərzində çap mediasında forma və məzmun baxımından dəyişikliklər var. Müasir dövrün güclü mediası rəqəmsal texnologiyalara uyğunlaşmalıdır”.
Xatırladaq ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.