Media

Azərbaycan hökuməti cərimələndi: İki jurnalistə 12 min avro ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvarın 19-da Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağalı məlumat yayıb.

O bildirib ki, məhkəmə ərizələrdə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Məhkəmənin qərar verdiyi işlərdən biri “Xural” qəzeti və onun hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlıdır. “Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin bu qəzetdə dərc edilmiş iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlı idi. Mübahisəli “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində digər məsələlərlə yanaşı KİV-ə Dövlət Dəstəyi Fondunun hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərli tənqid olunmuşdu. V.Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr Xural qəzetini 5 min manat cərimələmişdilər. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər. Ərizə AİHM-ə 2012-ci ildə göndərilmişdi.

AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir”.

Digər iş isə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zayidovla bağlı olub. Hazırda Fransada yaşayan Azərbaycan vətəndaşı olan Qənimət Zahid qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. “İşin hallarına görə, ərizəçi “Azadlıq” qəzetinin o vaxtkı ofisinin yerləşdiyi “Azərbaycan” nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetiribmiş. Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlqıdan məhrum etmə hökmü çıxarıblar. Ərizəçi ardınca 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. AİHM-ə 2008-ci ildə göndərilmiş ərizədə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1 və 6.3(d)) pozuntusu mübahisələndirilmişdi. AİHM bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verdi. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button