Media
Əslində buyuq!
Səxavət Məmməd
Filmi, Fulyanı boş verin. Azərbaycan mətbuatı müharibəyə hazır idi? İçi TV-lər qarışıq, hansı redaksiyada zirehli gödəkcə, dəbilqə, ilkin tibbi yardım çantası daxil, jurnalisti gözləyən hazır ruqzaq var idi? Tovuz hadisələrindən sonra polisin hədiyyələri sayılmır.
Ölkədə nə qədər ixtisaslaşmış müharibə jurnalisti var idi? Hərbçilərlə dostluq etmək, onlarla qol-boyun şəkil çəkdirmək demədim. Malı mala qatmayın.
Adətən bir işə başlayanda ilk kimə təklif edərlər? Ən azı sahəni bilənə, o sahədə pis-yaxşı ixtisaslaşana. Müharibədən əvvəl iki (Beyləqan və Bərdə) mətbuat qərargahının formalaşacağı məlumatını almışdım. Karyerası boyu maqazindən tutmuş, beynəlxalq siyasətə qədər hər şeydən yazmış adamları belə dəvət etmişdilər…
Müharibədən bir gün əvvəl cəbhədəydim. Yeri gəlmişkən, müharibə vaxtı mənə nə zirehli gödəkcə, nə də dəbilqə verildi. Ancaq ilkin tibbi yardım çantam son dərəcə zəngin idi. Döyüşlər vaxtı çox əlimdən tutdu.
Yeri gəlmişkən, zirehli gödəkçələr və dəbilqələr Türkiyədən göndərilmişdi, bizimkilər isə onu kimə gəldi verdilər. Jurnalistika ilə əlaqəsi olmayan neçə adamda üzərinə “PRESS” yazılan, gödəkcə gördüm.
Bilirsiniz də, cəbhə bölgəsində jurnalistlərin işləməsi icazəli idi axı. Yeri gəlmişkən, ilk əraziyə girib, geri qayıtmağım arasında 9 gün fərq oldu. Çimmək üçün valideyinlərimin yaşadığı yerə (elə ora da cəbhəyə idi) gedəndə polis saxladı. Bir neçə gün sonra mənim icazə məsələm də həll oldu. Elə bilirsiniz, icazə olanda jurnalistin işləməsinə icazə verirdilər. İcazəli ola-ola 5 dəfə polis saxlayıb. Kiçik məsələləri demirəm. Bir dəfə də, gecə olduğu üçün bildiyiniz bütün hüquq mühafizə orqanları saxlamışdı. Elə bil terrorçuydum. Siz ancaq xəbəri oxumusunuz, nə zülmlər çəkdiyimi kimsə bilməyim. Öz evimizdə gecələyəndə hər evdən çıxanda mamamı aldatmışışam ki, narahat olma, gödəkçəm, dəbilqəm var, ağırdı deyə, özümlə daşımıram.
İki dəfə jurnalistlərin ərazini çəkib, yaydığına görə, həmin yerlərin vurulması barədə məlumat yayıldı.
19 oktybar 2020-ci il tarixində Tərtərdə bambıq zavodu vuruldu. Mənə elə həmin gün zəng edib dedilər ki, bəzi Türkiyəli və yerli jurnalistlər həmin yerin yanından canlı yayıma çıxıb, ermənilər də oranı vurub. Hadisə dəqiqdir, ermənilərin ona görə vurub-vurmaması mənə deyilən fərziyyə.
Əraziyə gedərkən, polis saxladı, dedi, sənin adın var, ancaq sürücü olmaz, onun adı siyahıda yoxdur. “Gözlə görülən yerdir, məni düşürüb qayıtsın”, dedim, icazə vermədilər. O yolu da bir elə ləvazimatla piyada getmişdim.
Bunu niyə yazıram? Məhz ayın 19-u bütün mətbuatı geri çəkdilər. Mənə də zəng elədilər. İcazənin keçərliliyi qalsın deyə, ya Gəncə, ya Mingəçevir təklif edildi. Dedim, ağdamlıyam. Ata evində qalacam. Gəncədə, Mingəçevirdə jurnalist kimi oturmaqdansa, burda ağdamlı kimi oturacam. Heç nə demədilər. Təbii ki, oturmadım. İki gün sonra polis məni saxladı. Dedi, siyahıda adın yoxdur. Dedim, ola bilməz. Siyahını göstərdi. Düz deyirdi, yalnız və yalnız xarici media işçilərinin adları siyahıda vardı. Həvəsim yoxdur arxivi qurdalamağa, şəkilin çəkmişəm, durur.
Bunları niyə yazıram? Bizim insanlar ancaq Türkiyə mediası işləyirdi, bizim jurnalistlər işləmirdi fikiri səsləndirirlər. Boş, məntiqsiz, mənasız söhbətlərdir. Mümkün deyil, kimsə mütləq deyəcək ki, niyə etiraz etmirdin? Müharibə gedə-gedə etiraz edirdim, yazırdım.
Əslində bəzi miflər var ki, onları dağıtmaq iki vur ikidir. Sadəcə bilərəkdən, onu etmirsən.
Gəncənin vurulması və ordakı faciə ilə bağlı. Ərazini kimlər çəkdi? Türkiyəli jurnalistlər. Hamı da onlara təşəkkür edir. Mən də təşəkkür edirəm. Ancaq yerli jurnalistlər məhz buna görə tənqid olunanda, onlar cavab verməsə də, cavab verməyi özümə borc bilirəm. Sual – arkadaşlar, gecənin o vaxtı, ərazini birinci kim çəkə bilərdi? Çox sadə cavabı var – həmin ərazidə qalanlar. Həmin gecə Gəncədə hansı jurnalistlər qalıbsa, onlar da ordan canlı yayım etdi, ordan operativ məlumat verdi. Bu qədər sadədir. Heç nə demirəm, ətraf ərazidən ora getmək məsafəsini qoyun bir kənara, postlarada polislə mübahisə edənə qədər səhər açılardı…
Bərdə ikinci dəfə vurulanda tam təsadüfi ərazidə idim. Mərmi havada necə açıldı, necə düşdü gözümün qabağında olub. Həmin ərazidə nəinki türkiyəli jurnalistlər, yeri TV-lər canlı yayım verirdi. Yenə yerli tənqid olunur.
Fulyaya istər serial çəksinlər. Mənə heç bir istisi, soyuğu yoxdur. Ancaq hadisələri bilib-bilmdən, yerli jurnalistləri yerdən-yerə vurmaq doğru deyil. Yerli jurnalistlərlə xaricini müqayisə edə bilərsən, yerli jurnalistləri bəyənməyə də bilərsən, bu hər kəsin özəl haqqıdır. Ancaq insanların haqqına da girməyin.
Əslində biz xarici sevənik. Yusifcanlıda 4 bacının qəbri arasında keçən səngəri aylar öncə çəkib, paylaşmışdım, heç kimin vecinə də deyildi. Xarici mediada çıxdı, Hikmət Hacıyev paylaşdı, oldu əfsanə.
Əslində buyuq.