Dünən gecə saatlarında Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan bölgədə yaşayan ermənilərə müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, baş separatçı durumlarının ağır olduğunu etiraf edib, lakin ümidsiz olmadıqlarını bildirib.
Harutyunyan bildirib ki, hazırda Qarabağda sosial-iqtisadi vəziyyət çox ağırdır. O, bunu Laçın dəhlizi üzərində Sərhəd Keçid Məntəqəsinin qurulması ilə izah etməyə çalışıb. Lakin sözügedən məntəqə bölgəyə ərzaq və zəruri məhsullar gətirilməsi üçün heç bir maneə yaratmır. Sadəcə, baş separatçı bununla erməniləri inandırmağa çalışır ki, guya, hər şeyin günahkarı Azərbaycandır.
O deyib ki, Qarabağda yaşayan ermənilər ruhdan düşməməlidirlər. O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasına da etiraz edib. Hətta bildirib ki, bu yolverilməzdir və Ermənistanın onların adından danışmaq səlahiyyəti yoxdur. “Biz Ermənistan xalqından, diasporadan ciddi dəstək gözləyirik. Onlar yeni vasitələr, təsir rıçaqları tapmalıdırlar. İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə gətirməlidir. Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan çəkinməlidir”.
Arayik separatçılar arasında münasibətlərin də normal olmadığını dilə gətirib. O deyib ki, hazırda bölgədə bəzi siyasi qüvvələr və şəxslər gərginlik yaratmağa çalışırlar. “Bu da istər istəməz parçalanmaya gətirib çıxarır”.
JAMAZ.İNFO xəbər verir ki, Harutyunyan Xankəndidə bir sıra qadağalar tətbiq etdiyini də açıqlayıb. O bildirib ki, indiki şəraitdə Qarabağ ərazisində hər hansı referendum və ya seçki keçirilməsi mümkün deyil. Baş separatçı deyib ki, “parlament”, “prezident” seçkiləri və referendum məsələsini tamamilə dayandırıb və buna icazə verməyəcək. “Buna hələ ki, ehtiyac yoxdur. Belə addımlar bir sıra risklər yaradır. Amma sizə söz verirəm ki, əlverişli şərait yaranan kimi, istefa verəcəm”.
Bundan başqa, separatçıbaşı Xankəndidə aksiyaların keçirilməsini də qadağa qoyub. O deyib ki, haızrkı məqamda belə aksiyaların faydasından daha çox, ziyanı var.
Arayik həmçinin bölgədə nəşr olunan, internet üzərindən yayımlanan TV və onlayn mediaya da senzura tətbiq etdiyini bildirib. O deyib ki, Qarabağdla bağlı neqativ xəbərlər, “təhlükəsizliklə bağlı” məlumat yayanlar cəzalandırılacaq.
Sonda Arayik Harutyunyan onu da bildirib ki, Azərbaycanın tərkibinə qatılmaqdan imtina edirlər və bu addımı atmayacaqlar.
P.S. Arayikin nə deməsindən asılı olmayaraq, Qarabağ Azərbaycan torpağıdır və ölkəmizin tərkib hissəsinə daxildir. Onun “qoşulmayacayıq” açıqlaması da heç bir fayda verməyəcək. Çünki Bakı buna qəti imkan verməyəcək və gedişat da ona aparır.