Rusiya vətəndaşlığından imtina edərək, Qarabağda məskunlaşmaq qərarı verən erməni milyarder Ruben Vardanyan artıq Xankəndində aktiv fəaliyyətə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Vardanyan bir neçə gün əvvəl yaydığı müraciətində Qarabağa yerləşəcəyini, orada fəaliyyət göstərəcəyini bəyan edib. O çıxışında erməniləri Qarabağa köçürməyə çağırıb.
Artıq Ermənistan və Qarabağ erməniləri arasında belə bir xəbər yayılıb ki, sözügedən şəxs Xankəndidə adi vətəndaş statusunda olmayacaq. Onun imkanlarından istifadə edərək, idarəetmə sistemində də istifadə etməyə çalışacaqlar. “Hraparak” nəşrinin yaydığı məlumata görə, Vardanyan Qarabağda “dövlət naziri” təyin ediləcək. Onun Artak Beqlaryanı əvəz edəcəyi deyilir. Separatçıların rəhbəri Araik Harutyunyanın yaxın dostu olan erməni milyarder bu vəzifənin müqabilində Qarabağa sərmayə qoyacaq.
Qeyd edək ki, Ermənistan doğumlu, Rusiya vətəndaşı olan Vardanyanın Qarabağa yerləşmək barədə qəfil qərar verməsi bir sıra suallar yaradıb. Azərbaycanda bəzi politoloqlar hesab edirlər ki, onun Qarabağa yerləşməsi və orada özünə yer eləməsi Rusiyanın oyunlarından biridir. Belə ki, Vardanyan Kremllə də yaxşı münasibəti olan iş adamlarından biri hesab olunur. Elə bu səbəbdəndir ki, müşahidəçilər hesab edirlər ki, sözügedən şəxs səbəbsiz yerə Qarabağa köçmək fikrində olmayıb.
Xatırladaq ki, Rruben Vardanyan Qərbin “qara siyahı”sındadır. O Kremlə yaxın iş adamı olaraq, Qərb dövlətləri tərəfindən sanksiyaya məruz qalıb. Bəziləri də bu baxımdan çıxış edərək deyirlər ki, Vardanyan əlindəki sərvətini qorumaq üçün Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa yerləşmək qərarı verib. Hətta rusiyalı politoloq Markedonov bununla bağlı uzun bir açıqlama yayaraq, orada Vardanyanın Rusiyadan niyə qaçdığını əsaslandırmağa çalışıb.
Lakin bütün bunların fonunda Rubenin Qarabağa gəlməsi, burada özünə yer etməsi heç də Rusiyanın planlarından kənar məsələyə oxşamır. Ona görə ki, o, hələ 44 günlük Vətən Müharibəsi zamanı Qarabağ ermənilərinə bütün dəstəyi verməklə yanaşı, Azərbaycan əleyhinə geniş kampaniya aparan ermənilərdən biri hesab olunur. Bu yaxınlarda verdiyi açıqlamasında isə Vardanyan Qarabağın təhlükəsizliyini və inkişafını dəstəkləmək üçün ümumerməni cəbhəsi yaratmaq təklifi ilə çıxış edib.
Digər tərəfdən, əgər həqiqətən də Markedonovun dediyində həqiqət varsa, Vardanyan Ermənistana niyə geri dönməyib? Halbuki həmin ölkədə doğulub, orada yaşayıb, şübhəsiz ki, ikili vətəndaşlığı da olub. Onun heç bir dövlət tərəfindən tanınmayan Qarabağdakı separatçı rejimi istinad nöqtəsi götürməsi birmənalı olaraq belə deməyə əsas verir ki, bu, Rusiyanın oyunlarından biridir və məqsəd Qarabağda gərginliyin qorunub, saxlanmasına xidmət edir.
Azərbaycan tərəfinin məsələ ilə bağlı hər hansı rəsmi mövqeyi yoxdur. Bu barədə heç bir açıqlama verilməyib. Rəsmi Bakının məsələdə susqun dayanması da, bəzi şübhə və suallara yol açıb. Lakin həmin şübhə və suallara cavab almaq hələlik mümkün olmayıb.