AraşdırmaManşet

Təbriz təşviş içində: Şəhərin altından keçən zəlzələ xətti xeyli aktivləşib

Türkiyədə baş vermiş zəlzələdən sonra dünyanın müxtəlif yerlərindən heç də arzuolunmayan xəbərlər gəlir. JAMAZ.İNFO xəbər verir ki, dünən Rusiyada 4.5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Bundan başqa, İsraildə də 4.8 bal gücündə zəlzələ olub və təkanların episentri Yerusəlim şəhərindən 20 km aralıda yerləşib.

Lakin hazırda ən xoşagəlməz xəbərlər İranın paytaxtı Tehrandan və ölkənin ikinci paytaxtı hesab olunan Təbrizdən gəlməkdədir. JAMAZ.İNFO xəbər verir ki, bu tədirginliyə və təşvişə səbəb dünən İran seysmoloqlarının verdiyi açıqlamalar olub. Onlar bildiriblər ki, Türkiyə zəlzələsinin ardından Tehran və Təbriz şəhərlərinin altından keçən zəlzələ faylarında aktivlik müşahidə olunmağa başlayıb. Onların bildirdiyinə görə, həmin faylarda aktivlik həddindən artıq çoxdur və bu güclü zəlzələnin olacağından xəbər verir.

Güneydən gələn xəbərlərdə isə deyilir ki, əhali bu xəbərdən sonra ciddi narahat olub. Təbriz əhalisinin bir qismi (imkanı olanlar) bina evlərini tərk edərək, yaxınlıqda yerləşən kəndlərə üz tutmağa başlayıblar. Bundan başqa, zəlzələ baş verərəsə, evdən çıxarkən hazırlıqlı olmaları üçün müəyyən tədbirlər də görüblər. Belə ki, özləri üçün isti paltar, yatacaq və digər əşyaları hazır qoyublar. Bəzi məlumatlara görə isə Təbriz və ətraf şəhərlərin insanları gecələr geyimli şəkildə yatırlar ki, hadisə baş verərsə, əlavə vaxt itirməsinlər.

Mütəxəssislərin rəyinə görə, Təbriz şəhərinin mərkəzindən iki zəlzələ xətti keçir. Həmin xətlərdən biri şəhəri iki bölür və Bağmeşə ərazisindən keçir. Onlar bildirirlər ki, əgər Təbrizdə Türkiyədəki səviyyədə zəlzələ baş verərsə, çox böyük dağıntıların olması qaçılmaza çevriləcək.

JAMAZ.İNFO xəbər verir ki, Tehranın durumu isə daha ağırdır. Çünki bu şəhərin altından üç zəlzələ xətti keçir və onların ikisi bir nöqtədə kəsişirlər. Alimlər ən böyük təhlükənin bir-birini kəsən xətlərin yerləşdiyi ərazidə olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, əgər proqnozlaşdırılan zəlzələ baş verərəsə, Tehranın viran qalması an məsələsi olacaq.

Xatırladaq ki, hələ bir neçə il əvvəl İran hökuməti zəlzələ riskini nəzərə alaraq, paytaxtı başqa əraziyə köçürmək təklifini irəli sürmüşdü. Həmin vaxt paytaxtın Təbrizə köçürülməsi məsələsi də gündəmə gəlmişdi. Lakin sonradan bu proses təxirə salındı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button