ManşetSiyasət

Rusiya dolayısı ilə təhdid edir: “Bakı avqust müharibəsindən nəticə çıxarmalıdır”

Bölgədə son bir ildə baş verən proseslər Rusiyanın narazılığına səbəb olmağa başlayıb. 44 günlük müharibə, Türkiyənin Azərbaycana açıq dəstək verməsi, Şuşa Bəyənnaməsi və nəhayət, Azərbaycanda Türkiyənin hərbi baza yarada biləcəyi planları Kreml üçün risk yaratdığından, bununla barışa bilmir.

JAMAZ.İNFO xəbər verir ki, Şuşada imzalanan bəyənnamədən sonra Moskva açıq şəkildə olmasa da, dolayısı ilə Bakını təhdid etməkdədir. Artıq bu təhdidləri öz adamlarının diliylə səsləndirməkdən də çəkinmir. Belə ki, ötən günlərdən etibarən Türkiyənin Azərbaycanda hərbi baza yarada biləcəyi ilə bağlı məsələlərə münasibət bildirən rus politoloqlar Kremlin sözünü deməyə başlayıblar. Prosesdə həmçinin Rusiya hakimiyyətinin mövqeyini dəstəkləyən və onu təmsil edənlər də mövcuddur.

Rusiya Federasiya Şurası xarici əlaqələr komitəsini sədr müavini Vladimir Cabarov deyir ki, Türkiyə Azərbaycanda hərbi baza yarada bilər. “Lakin bəlli səbəblərdən Rusiyada bu, neqativ reaksiya yaradacaq”.

Cabarov bildirir ki, Türkiyə NATO ölkəsidir, keçmiş “qardaş ölkə” Azərbaycan isə MDB məkanında Rusiyanın partnyorudur. “Aydın məsələdir ki, Rusiya qonşuluğunda NATO bazasının olmasına müsbət yanaşmayacaq. Lakin mümkündür ki, Türkiyə özünün şimal qonşusu ilə münasibətlərini korlamaq üçün belə bir addım atır. Hesab edirəm ki, diplomatlar bu məsələ ilə bağlı ciddi məşğul olmalıdırlar”.

Amma Rusiyanın patronajlığı altında olan Ermənistanda türk hərbi bazalarının Azərbaycanda var olması məsələsi isterik həddə qorxu yaradıb. JAMAZ.İNFO xəbər verir ki, bunu onların açıqlamalarından, dərc olunan məqalələrindən və sosial şəbəkələrindən də aydın görmək mümkündür. Elə Rusiya da onların isterik vəziyyətinən yararlanaraq, bəzən öz sözlərini ermənilərin diliylə bizə çatdırmağa çalışır. Məsələn, davamlı olaraq Rusiyanın vəkilliyini edən erməni politoloq Armen Qasparyan onlardan biridir. O deyir ki, Bakı indiki məqamda Rusiya sülhməramlılarının olduğu ərazilərdə hər hansı “təxribata” əl atmağa “cəsarət” etməz.

O hesab edir ki, nəzəri baxımından Azərbaycanın bunu etmək imkanı və gücü var. “Lakin Azərbaycan 2008-ci ildə baş vermiş üzücü avqust müharibəsindən nəticə çıxarmalıdır. Və həmin prosesi bir daha xatırlamalıdır”.  

Qasparyan daha sonra qeyd edir ki, Azərbaycan hazırda onun üçün hansı risklərin olduğundan xəbərdardır. “Azərbaycan üçün baş qaldıra biləcək mümkün risklər var və bundan xəbərdardır. O da məlumdur ki, Bakı hazırda kimlərəsə lazımdır. Azərbaycan müharibədə nə istəyirdisə, onu da aldı. Amma bunun fonunda situsiyanı gərginləşdirəcək hər hansı bir destruktiv addım atması məntiqli görünmür”.

Qeyd edək ki, istər Cabarovun, istərsə də Qasparyanın açıqlamaları birmənalı olaraq, Kreml mətbəxindən süzülüb gələn tezislərin təzahürüdür. Çünki son dövrlər baş verən proseslər Moskva üçün ürəkaçan deyil və bunun qarşısını almaq üçün də tədbirli davranmağa çalışır. Lakin bu tədbir hələlik belə açıqlamalarla diqqəti çəkir. Əgər işlər real müstəviyə keçərsə, bunun ardından təxribatların da gələcəyi istisna deyil.

Lakin hər şeyə rəğmən, Azərbaycan Türkiyə ilə münasibətlərini dərinləşdirməli, birgə hərəkət etməli, hərbi baza yaratmaq zərurəti yaranarsa, o addımı atmalıdır. Ki, buna səbəb də hazırkı məqamda Qafqazda Rusiyanın təxribatlarından bizi ancaq Türkiyənin qoruya biləcəyidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button