“Ermənistanla Azərbaycan arasında sərhəddi müəyyən etmək üçün hansı sovet xəritələrinin kifayət qədər hüquqi əsası olduğuna baxmaq lazımdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin əvvəllər qeyd etdiyi delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir edilən sərhədlərlə 100% olmasa da, ən azı 99% üst-üstə düşür. “Onlar təxminən ittifaq respublikalarının xəritələri ilə üst-üstə düşür. Başqa bir şey də ondan ibarətdir ki, bu xəritələrdən hansının sərhəddi təyin etmək üçün başlanğıc nöqtəsi ola biləcəyidir. Axı, ittifaq respublikaları arasında sərhədlər dəfələrlə dəyişib. Bu dəyişikliklər müxtəlif səbəblərə görə edilə bilər. O da ola bilərdi ki, Sov.İKP MK-nın növbəti plenumuna kimi rayonlardan birinin rayon soveti, məsələn, otlaq sahəsini qonşu respublikanın qardaş rayonuna və ya əksinə verib. Xəritələrin necə dəyişdiyini, nə vaxt və niyə dəyişdiyini araşdırmağımız lazımdır”.
Nikol Paşinyan çıxışı zamanı maraqlı bir etiraf da bulunub. O deyib ki, Ermənistanın sərhədləri dəyişməyib. Onun sözlərinə görə, Ermənistan Respublikasının ərazisi 2010-cu il tarixli “İnzibati-Ərazi Bölgüsü haqqında” Qanunda təsvir edilən sərhədlər daxilindədir. “Ermənistan Respublikasının ərazisi dəyişməyib. Hazırda ərazimiz 2010-cu ildə qəbul edilmiş “İnzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir edilən sərhədləri əhatə edir. Qanunda konkret olaraq, Ermənistanın sərhədlərinin harada bitdiyi və Azərbaycanın harada başladığı göstərilib. Bu gün biz bu reallıqdan çıxış edirik. Lakin bu, heç də o demək deyil ki, qanunda göstərilən sərhədlər 100% dəqiqdir. Biz deyirik ki, Azərbaycanın silahlı qüvvələri Sotk-Xoznavar bölgəsində sərhədimizi pozub, qalan hissələrdə isə müəyyən status-kvo var”.
Ermənistanın baş naziri daha bir neçə maraqlı məqama toxunub. O deyib ki, Ermənistan ordusunun Sünik rayonundan çıxarılması əmrini şəxsən özü verib. “Bu qərar hərbi əməliyyatların bərpasının qarşısını almaq məqsədi daşıyıb. Biz istədik ki, heç olmasa müvəqqəti olaraq strateji əhəmiyyət kəsb edən yolu itirməyək. Biz növbəti müharibədən qaçmaq istəyirdik. Və bu qərar qəbul edilməsəydi, döyüşlər yenidən şiddətlənəcəkdi. Onda, doğrudan da, Sünikdə ciddi problemlər yaşayardıq. Biz onlarla kilometr irəlidə idik, təəssüf ki, geri çəkilməli olduq”.
O qeyd edib ki, qərar danışıqlar prosesinin nəticələrinə uyğun olaraq qəbul edilib. “7 rayonun verilməsi ilə bağlı razılaşmamız var idi. Bunlar inzibati ərazi bölgüsü haqqında qanunda göstərilib və bu, xəbər yeni deyil”.
Baş nazir etiraf edib ki, qoşunların çıxarılması ilə bağlı sərəncamı şəxsən özü verib. Və icra məsələsini keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan öz üzərinə götürüb. “Bu qərara və Sünikdəki vəziyyətə görə şəxsən mən, tam məsuliyyət daşıyıram”.