ManşetÖlkə içi

Paşinyan: “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”

“Son bir həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri bu gün keçirdiyi iclasda deyib.

O iddia edib ki, vəziyyətin gərginləşməsinə görə, guya, Azərbaycan “günahkar”dır. “Səbəb odur ki, Azərbaycan artıq bir neçə gündür ki, Qarabağ və Ermənistan-Azərbaycan sərhədi ilə təmas xətti boyunca qoşun yığır. Azərbaycan mətbuatında və təbliğat platformalarında antierməni nifrət ritorikası güclənib. Ermənistanın suveren ərazisinə təcavüz siyasəti davam edir. Sentyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisinə qarşı Zod sektorunda növbəti təxribat törədib. Nəticədə Müdafiə Nazirliyinin 3 hərbçisi ölüb. Bu təxribatdan əvvəl və ardınca Azərbaycan tərəfindən Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı yalan məlumatlar yayılıb”.

Paşinyan daha sonra mövzunu Qarabağ məsələsinin üzərinə gətirib. O köhnə nağıllarına davam edib: “Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini həll etmək üçün beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Laçın dəhlizinin açılması vacibdir. Bütün bunlara əsaslanaraq Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişi imzalamağa hazırdır. Ermənistan tərəfi sülh gündəminə sadiqliyini bildirir”.

Ermənistanın baş naziri daha sonra qeyd edib ki, guya, Azərbaycan Laçın dəhlizini qanunsuz bağlayıb. “Bu proses davam edir. Aydındır ki, Azərbaycan bu hərəkətləri ilə Qarabağa və Ermənistana qarşı yeni hərbi təxribat törətmək niyyətində olduğunu göstərir. Belə bir təxribata haqq qazandırmaq üçün yalan və həqiqətə uyğun olmayan tezislər dövriyyəyə buraxılır”.

O deyib ki, beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər regionda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidir. “Eyni zamanda, Ermənistanın  2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin mayında Brüsseldə əldə olunmuş razılaşmalara, habelə 10 noyabrda imzalanmış üçtərəfli bəyanata sadiqliyini vurğulayıram”.

P.S. Paşinyanın bu iddialarının hamısı əsassızdır. Çünki sərhəddə və Qarabağda təxribat törədən Azərbaycan yox, birbaşa separatçılarla əlbir olan Ermənistandır. Sərhəddə törədilən təxribatların günahını Azərbaycanın üzərinə atmaq isə yaramazlıqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button