“Mən demişəm ki, məsuliyyətdən imtina edirəm? O ki qaldı sərəncama, yəni müvafiq prosedurlara, demək olar ki, Təhlükəsizlik Şurasının bütün üzvlərinin iştirakı ilə müzakirələr aparılıb. Orada xarici işlər naziri də var idi. Sonradan dedi ki, guya iclasda iştirak etməyib”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Sünik bölgəsi ətrafında yaranmış vəziyyətlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, əgər müvafiq qərar qəbul edilməsəydi, yəni, Ermənistan qoşunları ərazidən çıxmasaydı, hərbi əməliyyatlar təhlükəsi yarana bilərdi. “Bu isə Sünik üçün ciddi problemlər yaradardı. Hətta bir hissəsinin əlimizdən çıxma riski belə vardı”.
Ermənistan hökumətinin başçısı əlavə edib ki, hakimiyyətin ictimaiyyətdən gizlədə biləcəyi heç nəyi yoxdur. “Əgər bəzi məlumatlar fraqmentlərlə təqdim olunursa, deməli bu, yalnız ölkənin maraqları naminə edilir”.
Xatırladaq ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazilərində qalmış erməni ordusunun çıxarılması tələb olunurdu. Xüsusən də, Zəngilanın bir çox ərazilərində erməni hərbçiləri yerləşmişdilər və çıxmaq istəmirdilər. Rəsmi Bakının tələbi ilə onlar geri çşəkilərək, Ermənistan ərazisində qərarlaşmalı oldular. Erməni müxalifəti iddia edir ki, həmin vaxt qoşunların geri çəkilməsi şifahi razılaşmanın nəticəsi olub.