ManşetÖlkə içi

Nikol Paşinyan: “Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü bird aha tanıdığımızı bəyan etdik”

“Təəssüf ki, həmin görüş Laçın dəhlizinin açılması və Qarabağda humanitar böhranın aradan qaldırılması baxımından heç bir konkret nəticə vermədi”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən son görüşlə bağlı danışarkən deyib.

O, AŞ prezidenti Çarlz Mişelin Laçın dəhlizinin açılmasının zəruriliyini, həmçinin Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizlik gündəminin Xankəndi-Bakı dialoqu vasitəsilə həll edilməsinin vacibliyini vurğulayan bəyanatını xatırladıb. “Bizim inancımız belə idi və belədir ki, beynəlxalq müdaxilə və mexanizmlər olmadan bu dialoq effektiv ola bilməz. Ən azı ona görə ki, Bakının dərin məqsədi Qarabağda etnik təmizləmə aparmaq olan Qarabağ ermənilərinə qarşı aqressiv və hədələyici ritorikasını davam etdirir. İndi artıq bu, nəzəri iddia deyil, Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması ilə həyata keçirilən konkret plandır ki, bunun birbaşa təzahürü Qarabağa elektrik enerjisi, təbii qaz, ərzaq və digər zəruri malların tam verilməməsidir. Bu şərtlər altında ermənilərin Qarabağda yaşaması qeyri-mümkündür”.

Paşinyan daha sonra qeyd edib ki, Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasının bir daha təsdiqlənməsi müzakirə olunub. “Sərhədlərin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmalıdır. Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”.

O qeyd edib ki, regional kommunikasiyaların açılması tərəflərin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipi əsasında baş tutmalıdır. “Humanitar məsələlərə toxunaraq deyə bilərəm ki, Azərbaycan bu mövzuda beynəlxalq tərəfdaşlara verdiyi vədləri pozmaqda davam edir. Lakin biz əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı işi yorulmadan davam etdirməliyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button