ManşetSiyasət

Nikol Paşinyan: “Azərbaycanla sülhə inanmasaydım, danışıqlara qoşulmazdım”  

“Hər iki ölkənin parlamentləri tərəfindən sülh müqaviləsi imzalanana və ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.

O iddia edib ki, Azərbaycan Ermənistana qarşı aqressiv yanaşma ortaya qoyur. “Bura Azərbaycanın açıq-aşkar aqressiv ritorikası, nifrət dili, mövcud geosiyasi vəziyyət də əlavə olunur ki, burada biz güman etdiyimiz dünya nizamının mövcud olmadığını görürük. Yeni eskalasiyalar, yeni müharibələr hər zaman mümkündür. Düzdür, bu o demək deyil ki, dediklərimizin hamısı, xüsusən müharibə baş verəcək. Amma bu həm də o demək də deyil ki, müharibə olmayacaq. Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması faktları sözün əsl mənasında hər gün baş verir”.

Paşinyan onuda qeyd edib ki, o, Azərbaycanla davamlı sülhə inanmasaydı, danışıqlara başlamazdı. “Mən Azərbaycanla davamlı sülhə inanmasaydım, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməyin mənası olmazdı. Amma inam bizim nəticə əldə edəcəyimizə zəmanət vermir. Çünki bu, təkcə məndən deyil, həm də Azərbaycan Prezidentinin mövqeyindən asılıdır. Boşluqda danışıqlar aparmadığımızı demirəm, burada həm də beynəlxalq, geosiyasi və humanitar vəziyyət, hər an özünü göstərə biləcək müxtəlif insani amillər, siyasi və daxili siyasi vəziyyət də daxildir”.

O qeyd edib ki, bütün bunlar təbii prosesə təsir edir. “Lakin prosesə ən çox təsir edən danışıqların iştirakçılarıdır, yəni mən və Azərbaycan prezidenti”.

“Qarabağda yaşayan ermənilərin hüquqularını təmin etmək üçün Azərbaycan prezidenti ilə danışıqlarda şəxsən nə edə bilər” sualına Paşinyan cavab verdi ki, şərtlər çox vacibdir. “Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, Qarabağ ermənilərindən qisas almaq siyasətidir. İndi Qarabağda humanitar böhran var. Bu, əsas şeylərin çatışmazlığı deməkdir. Bu gün Qarabağda neft, şəkər, gigiyena vasitələri yoxdur. Qarabağ əhalisi zəhmətkeşdir, kənd təsərrüfatı mövsümündə müəyyən məhsullar istehsal olunur, lakin yanacaq çatışmazlığı səbəbindən onu potensial istehlakçılara çatdırmaq demək olar ki, mümkün deyil. Danışıqlar problemləri həll etməyin yeganə yoludur. Amma digər tərəfdən, danışıqlar yolu ilə məsələlər həll olunmazsa, bu danışıqlar ictimaiyyət tərəfindən vaxt itkisi kimi qəbul edilə bilər”.

Paşinyan deyib ki, onun “qırmızı xətləri” Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyidir. “Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi Qarabağ nümayəndələrinin iştirakı ilə aparılan dialoq və danışıqlar nəticəsində həll edilməlidir. Biz buna Bakı-Xankəndi dialoqu deyirik. Amma qüvvələrin ölçülməzliyini nəzərə alsaq, düşünürük ki, Xankəndi və Bakını tək qoysaq, o zaman Bakının ya bu gündəmi unutmaq imkanı olacaq, ya da dialoq yox, monoloq açıla bilər. Bu söhbət beynəlxalq mexanizmlər çərçivəsində baş verməlidir. Burada beynəlxalq ictimaiyyət şahid rolunda olacaq. Ermənistanın vəziyyəti onunla çətinləşir ki, Azərbaycan Ermənistanın bu prosesdə marağını Azərbaycanın ərazi bütövlüyünə qəsd istəyi kimi qəbul edir və şərh edir”.

Ermənistanın Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək üçün hansı mexanizmləri gördüyü ilə bağlı suala Ermənistanın baş naziri cavab verib  ki, bunlar təkcə “bizim” qavrayışımızdan asılı olmayan işlək məsələlərdir. “Mən hər hansı bir fikrə fokuslanaraq növbəti söhbəti məhdudlaşdırmaq və ya bu söhbətdə bizim üçün məhdudiyyətlər yaratmaq istəməzdim. Bizim əsas vəzifəmiz real dialoqun olmasıdır. Çünki məhz onun vasitəsilə biz inamsızlıq, nifrət, gərginliyə qalib gələ və bir-birimizi daha yaxşı başa düşə bilərik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button