Manşet
Mövlam Şıxəliyev Rüstəm Usubovu nişan verdi – “Mən bu işlərdə heç kim olmuşam”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq idarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, yanvarın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə başlanan açıq məhkəmə prosesinə jurnalistlər buraxılmır. Hakim media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığını açıqlamaqdan yayınır. Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir. Zərərçəkən və vəkillər isə bildirir ki, prosesdə hakim müdafiəçilərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təhvil verilməsini tələb edir.
Vəkillərin, zərərçəkənlərin israrlı tələblərinə, vəsatətlərinə baxmayaraq hakim məhkəmə zalında baş verənlərin audio-video yazılmasına da imkan vermir.
Prosesdə keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən Hüseyn Səfərov hakimə təklif edib ki, təqsirləndirilən şəxslərdən Yasin Məmmədovu vəkil seçilməsi münasibəti ilə təbrik etsinlər. Hüseyn Səfərov cibindən bir neçə əskinas çıxararaq Yasin Məmmədova uzadıb. Zərərçəkən deyib ki, Yasin Məmmədovla bərabər təqsirləndirilən Sahib Ələkbərov da hansısa yolla vəkilliyə keçə bilib.
Hakim təqsirləndirilənlərin vəkil keçməsi məsələsinin araşdrıma mövzusu olmadığını bildirib.
Hüseyn Səfərov isə hər iki şəxsin cinayətlərinə görə cavab verəcəklərini söyləyib.
Zərərçəkən deyib ki, Mövlam Şıxəliyev əyninə 50 min manatlıq dəri gödəkçə, 5-10 min manatlıq ayaqqabı geyinib prosesə gəlib.
Hakim bundan sonra sözü zərərçəkmiş şəxs Sərdar İsmayılova verib. Zərərçəkən sərbəst ifadəndə deyib ki, 2013-cü ilin martında şəriki Orxan Abdullayev ilə Gürcüstanda satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqan lentlər sifariş veriblər: “Sifariş edilən mallar 2013-cü ilin iyun-iyul aylarında Tbilisi şəhərindəki “Lilo” bazarının bazasına gəlsə də, orada malları sata bilmədik. Malımız 4 aya yaxın orada ləngidi. Bundan sonra qərara gəldik ki, malı Azərbaycana gətirək. 2013-cü ilin avqustun sonlarında Şəki sakini Elman Məsimovla Bakı şəhərində görüşdüm. Söhbət zamanı Gürcüstanda pirotexniki məmulatların və yapışqan lentlərin olduğunu, həmin malları Azərbaycana gətirmək lazım olduğunu bildirdim. Elman da bu barədə maraqlanacağını, mənə bildirəcəyini söylədi. Bundan bir müddət keçdi, həmin ilin sentyabrın 3-də telefonla danışarkən Elman dedi ki, Gürcüstandan malları gətirmək üçün adam tapıb. Sentyabrın 4-də Orxanla birlikdə Balakən şəhərinə getdik. Orada Elmanla görüşdük. Elman da bizi Əfsəl və Məcid adlı şəxslərin yanına apardı. Həmin adamlarla birlikdə Tbilisi şəhərinə getdik. Malların yerini onlara göstərdik. Malları Məcid Anqubazova təhvil verdik. Sonra biz Orxanla Balakənə qayıtdıq”.
Zərərçəkmiş deyib ki, bir neçə gün sonra Orxanla birlikdə Bakı şəhərində “Ekzotika” çay evində çay içərkən saxlanıblar: “Orada özlərini MTN əməkdaşı kimi təqdim edən şəxslər bizi saxladılar, MTN-in inzibati binasına apardılar. Orada təxminən 10 saat saxlanıldıqdan sonra evə buraxıldıq. Orada bizimlə söhbət əsnasında dedilər ki, qaçaqmalçılıq etmisiz. Gürcüstandan gələn malınız tutulub. Gecəyarısı bizi evə buraxdılar. Növbəti gün yenidən MTN-ə dəvət edildim. Sonra Səbail rayon Məhkəməsinin qərarı ilə barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Orada bizi müstəntiq Nadir Mustafayev dindirirdi. Həmin müstəntiq Yasin Məmmədovun müavinidir. Yasin Məmmədov məni öz kabinetinə aparıb pul söhbəti edirdi. Məndən 100 manat istəyirdi. 3 ay müddətində mənimlə pul söhbəti aparırdı. Dedim ki, mən o pulu verə bilmərəm, 1 maşınım, 1 də evim var. Gedin maşını da, evi də satın. Dedi ki, 50 min dollar ver, səni azad edək. Mən də dostum Vüqar Manafovun nömrəsini verdim. Onu Yasin Məmmədov MTN-ə çağırdı. Yasin Məmmədov otağında məni dostum Vüqar Manafovla görüşdürdü. Yasin Məmmədov bizə 5 dəqiqə vaxt verdi. Vüqar orada məni görüb kövrəlmişdi. Ona dedim ki, maşınımı da, evimi də sat, 50 min dollar düzəlt, gətir Yasin Məmmədova ver. Yasin Məmmədov 3 gün vaxt verdi. Vüqar da dedi ki, 3 günə çatdırmayacaq. Vüqar 1 həftə ərzində pulu düzəltmişdi və Yasin Məmmədova bu haqda xəbər vermişdi. O da gözləməsini tapşırmışdı, demişdi ki, biz xəbər edəndə gətirərsən. Həmin günlərdə məni kameradan çıxarıb tez-tələsik ekspertizaya apardılar. “Semaşko” xəstəxanasında bir qoca həkim vardı, dizimə çəkiclə 2-3 dəfə yüngül vurdu və məni yenidən MTN-ə qaytardılar. 2 gün sonra məni azad etdilər. Ondan sonra Vüqar dedi ki, dayım Vidadi Salmanovla birgə 50 min dollar pulu MTN-nin arxasında Yasin Məmmədovun göndərdiyi 2 nəfərə verdiblər. Bundan başqa Yasin Məmmədov ekspertiza xərcləri üçün əlavə 2 min manat da alıb”.
Sərdar İsmayılov deyib ki, onun heç bir xəstəliyi olmadığı halda xəstə olması barədə saxta ekspert rəyi alınıb. Ekspertiza rəyində Sərdar İsmayılovun ürək xəstəliyi olub, bu səbəbdən onu 50 min dollar rüşvət müqabilində həbsdən azad ediblər.
Sərdar İsmayılova saxta ekspert rəy alınması ilə bağlı dövlət ittihamçısı təqsirləndirilən şəxs Mövlam Şıxəliyevə və Yasin Məmmədova suallar ünvanlayıb.
Mövlam Şıxəliyev dövlət ittihamçısının sualını belə cavablandırıb: “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.
Daha sonra prosesdə şahid qismində Vüqar Manafov, Vidadi Salmanov və Sərxan İsmayılov ifadə verdilər. Onlar zərərçəkən Sərdar İsmayılovun dediklərini təsdiqlədilər. Prosesdən sonra jurnalistlərə açıqlama verən zərərçəkmiş Əfsəl Həsənəliyevin vəkili Osman Kazımov bildirib ki, Sərdar İsmayılovun həbsdən azad olunması ilə bağlı 50 min dollar almaları məhkəmədə ifadələrlə təsdiq olunur: “Həm Sərdar İsmayılovun özü, həm də şahidlər təsdiq etdilər ki, 50 min dolları veriblər. Burada maraqlı olan bir şey odur ki, vətəndaş ürəyində xəstəliyi olmadığını deyir, amma bu vəzifəli şəxslər rəy alıblar ki, ürəyi xəstədir. Vəsatət veriblər ki, ürəyi xəstədir, həbsdən azad edilməlidir. Vətəndaşın isə vəsatətdən xəbəri yoxdur”.
Osman Kazımov deyib ki, jurnalistlərin açıq məhkəmə iclasına buraxılmaması qanun pozuntusudur. Vəkil bildirib ki, məhkəmə iclasının audio-videoçəkilişlə aparılması barədə vəsatət veriblər: “Bununla bağlı Prezidentin sərəncamına istinad edilib. Amma hakim vəsatəti açıq saxlayıb, rədd edə bilməyiblər. Bu günə kimi də vəsatətimizdə göstərdiyimiz məsələnin icra olunduğunu görmürəm. Biz istəyirik ki, məhkəmə iclası video çəkilişlə aparılsın, mətbuatda proses işıqlandırsın, bütün baş verənlər hamıya məlum olsun”.
Növbəti proses yanvarın 18-də davam edəcək.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
İş üzrə 32 zərərçəkmiş, dünyasını dəyişmiş 4 zərərçəkmişin hüquqi varisi var. Zərərçəkənlərə vurulan ziyan 20 milyon manatdan artıqdır.