ManşetMedia

Media Hüququ Qrupu jurnalistlərin prokurorluğa çağırılması ilə bağlı bəyanat yaydı

Media Hüququ Qrupunun bir qrup jurnalistə və sosial şəbəkə istifadəçilərinə yazılarına, paylaşımlarına görə xəbərdarlıq edilməsi ilə bağlı bəyanat yayıb. JAMAZ.İNFO xəbər verir ki, bəyanatda aşağıdakı fikirlər yer alıb: 
Jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmmədov, Aqil Alışov, bloqer Tofiq Şahmuradov və bir qrup sosial şəbəkə istifadəçisi Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılaraq, yazılarına, sosial şəbəkələrdəki paylaşımlarına görə sorğu-sual ediliblər. Onlardan T.Şahmuradov sosial şəbəkədə “qanunla yayılması qadağan edilən” informasiya yerləşdirməkdə günahlandırılaraq 1 aylıq inzibati həbs cəzasına məhkum olunub. Digər jurnalistlərə yazılarına görə rəsmi qaydada xəbərdarlıq edilib. Baş Prokurorluq sorğu-sual etdiyi jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin dəqiq olaraq hansı qadağan edilmiş informasiyanı yaydığını, hansı pozuntuya yol verdiklərini açıqlamayıb.
Media Hüququ Qrupu jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin yazdıqları yazılara, paylaşdıqları fikir, mülahizə və tənqidlərə görə belə üsullarla çək-çevirə salınmasından dərin narahatlıq keçirir və belə davranışları söz, ifadə azadlığına zərər vuran addım kimi dəyərləndirir.
Baş Prokurorluğun yayılmış konkret yazılarda getmiş məlumatların doğru olub-olmadığını araşdırmaga borclu olduğunu və bununla bağlı həmin məzmunların müəlliflərindən nəyi isə soruşmaq səlahiyyəti olduğunu qeyd etməklə yanaşı Media Hüququ Qrupu bildirir ki, belə hallarda jurnalistlərlə davranış Konstitusiya və ölkəmizin tərədfar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunmuş çərçivəyə uyğun olmalı, jurnalistləri ən mühüm, ən dolğun və bəzən də mübahisəli xəbərləri toplamaq və yaymaqdan çəkindirən formada olmamalıdır. Jurnalisti yazılarına görə hər hansı dövlət qurumuna çağıraraq qapalı şəkildə sorğu-sual etmək, onların etibarını zədələyir, digər jurnalistləri isə öz funksiyalarını yerinə yetirərkən senzuraya zorlayır.
Baş Prokurorluğun jurnalistlərə xəbərdarlıq edilməsi ilə bağlı açıqlamasında onların “Media haqqında” Qanunu pozduqları, faktları və hadisələri qərəzsiz və obyektiv təqdim etmədikləri, birtərəfliliyə yol verdikləri bildirilir. Baş Prokurrorluğun ifadə azadlığı ilə bağlı Konstitusiyanın təməl müddəalarına yox, məzmunu mütərəqqi dünya tərəfindən tənqidlə qarşılanan, tətbiqi yolverilməz sayılan, legitimliyi ciddi müzakirə mövzusuna çevrilən yeni “Media haqqında” qanuna istinad etməsinə təəssüflənən MHQ qeyd edir ki, sözügedən Qanunun müvafiq 14 maddəsinin tələbləri, şəxslərə yox, media subyektlərinə yönəlik tələbdir və fərdlərə münasibətdə tətbiq edilməməlidir. Jurnalistlər, ümumiyyətlə hər kəs öz rəyində qalmaq kimi mütləq azadlığa, öz düşüncələrini ifadə etmək hüququna sahibdir, qanunvericilik fərdlərin üzərində öz düşüncələrini, mülahizələrini, tənqidlərini ifadə edərkən balanslı informasiya yayma öhdəliyi qoya bilməz.
Ayrı-ayrı qanunların ifadə azadlığı ilə əlaqəli müddəalarını tətbiq edərkən dövlət qurumları ilk növbədə Konstitusiyanın və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin fərdlərin ifadə və məlumat azadlığını təminat altına alan müddəalarını rəhbər tutmaq öhdəliyi daşıyırlar. Azərbaycan Konstitusiyasının 47-ci maddəsi hər kəsin ifadə azadlığı hüququnu, 50-ci maddəsi isə hər kəsin informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını qoruyur. Avropa Konvensiyasnın 10-cu maddəsi də ifadə azadlığı hüququnu təminat altına alır. Bu hüquq və azadlıqlara müdaxilələr üçün konkret olaraq, qanunla qorunan mənafe hər kəsin anlayacağı qədər aydın göstərilməli, qadağan olunmuş informasiyanın hansı qanun tərəfindən hansı mənafeni qorumalı olduğu aydın əsaslandırılmalı, öncədən görüləbilən olmalıdır. Baş Prokurorluq ifadə azadlığına müdaxilə üçün “qanuni əsas” müəyyən edibsə, bunun bütün detallarını (məlumatı hansı tarixdə yayılması, informasiyanın qadağan olunmuş olması, hansı qanunun yayımlanmanı qadağan etdiyi və.s) ictimaiyyətlə bölüşməlidir. “Qanunla qadağan olunmuş” kimi ümumi ifadələrlə ifadə azadlığı hüququna müdaxilələrə haqq qazandırmaq yolverilməzdir.
MHQ belə davranışların jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına, ümumilikdə ifadə azadlığına heç nə ilə bəraətləndirilə bilməyən ağır zərbə vuracağını düşünür. Jurnalist fəaliyyəti, məlumat toplama, ötürmə təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla, sadəcə gözlə müşahidə etməklə məhdudlaşdırıla bilməz. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz. Media Hüququ Qrupu bütün dövlət qurumlarının vəzifəli şəxslərini jurnalistlərlə, sosial şəbəkə istifadəçiləri ilə belə davranışlardan çəkinməyə, bu yanlış praktikanı dəyişməyə çağırır.
Media Hüququ Qrupu – Azərbaycanda media azadlığı ilə bağlı qanunvericiliyi və təcrübəni qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianı və jurnalistləri qorumaq, ifadə azadlığı, eləcə də digər əsas hüquqların təşviqi sahəsində çalışan vətəndaş cəmiyyəti təşəbbüsüdür. Qrup hüquqşunaslar Ələsgər Məmmədli və Xalid Ağaliyev tərəfindən qurulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button