Səbayel Rayon Prokuroluğunun keçmiş baş müstəntiqi Nurlan Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Müraciətin bir surəti də Jamaz.info-nun redaksiyasına daxil olub.
Nurlan Məmmədov müraciətində atası Samir Məmmədovun əsassız həbs olunduğunu bildirib. O, bundan əvvəl də Prezidentə müraciət etdiyini xatırladıb: “İlk müraciəti 05 mart 2021-ci il tarixdə edib atam Samir Məmmədovun barəsində saxta və əsassız cinayət işinin olduğunu, onun qanunsuz və sifarişlə həbs edildiyini bildirməklə yanaşı, cinayət işində olan saxtakarlıqların, və qanunsuzluqların bir hissəsi barədə məlumat vermişəm. Müraciətimdə həmçinin atamın həbsinin əsl səbəblərini anlatmağa çalışıb, bu haqsızlığın qarşısını yalnız Sizin alacağınızı bildirmişəm”.
Keçmiş müstəntiq yazıb ki, həm istintaq dövründə, həm də məhkəmə baxışı zamanı Prezident Adminstrasiyasına yüzlərlə müraciət ünvanlayıb: “Ailəmizlə bağlı yanlış və iftira dolu məlumatlar verildiyini, həmin məlumatların ədalətli araşdırılmasını xahiş etmişik. Təəsüflər olsun ki, bütün müraciətlərimizə baxmayaraq 30 iyul 2021-ci il tarixdə 11 aydır aparılan məhkəmə prosesi başa çatdı və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə atam Samir Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. İstər istintaq, istərsə də məhkəmə prosesində qanunverciliyin bütün tələbləri pozuldu. Qanunda deyilir ki, Azərbaycan Respublikası ərazisində cinayət prosessual hərəkətlərin aparılması, prosessual qərarların qəbul və icra edilməsi həmin an qüvvədə olan Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Ancaq qeyd etdiyim cinayət işinin istintaqında və məhkəmə baxışının həyata keçirilməsində məsul vəzifəli şəxslər cinayət prosessual məcəlləsini, Avropa Konvensiyasını, qanunçuluq, qanun qarşısında bərabərlik, ədalət, təqsirsizlik prezumsiyası, hüquqi yardım almaq və müdafiə olunmaq, cinayət prosesində çəkişmə, hakimlərin müstəqilliyi, sübutların qiymətləndirilməsi və sair kimi prinsipləri bir kənara qoyub onlara verilmiş sifarişi canla başla yerinə yetirmək üçün bu ədalətsiz hökmü çıxardılar. Bizim ailəmizi tanıyan da, tanımayan da hər kəs bilir ki, atam aptekdə qanunsuz dərman preparatlarının satılması və saxlanılması ilə məşğul olmayıb, həmçinin onun həbsi qanunsuz dərmanların satışı ilə bağlı deyil. İlk çıxışımda qeyd etmişəm, indi də bildirirəm ki, bütün rəsmi sənədlər, şahid ifadələri, əczaçıların ifadələri ilə tam təsdiq olunur ki, aptek anama məxsus olub onun tərəfindən idarə edilib. Zeytun dərman şirkətindən daxil olmuş məlumatda da görünür ki, aptekin idarəetməsi Səadət Babayevaya məxsusdur. Fərz etsək ki, aptekdə qanunsuz dərman preparatları satılıb bu gün azadlıqdan məhrum edilməli olan şəxs Samir Məmmədov olmalı deyildi”.
Nurlan Məmmədovun sosial şəbəkələrdə yayılmış videomüraciətini təqdim edirik.