Dünən günorta saatlarından etibarən Kəlbəcər rayonunun Ermənistanla sərhəd bölgəsində meşə yanğını baş verib. JAMAZ.İNFO xəbər verir ki, yanğın Ermənistanın Norabak kəndi ərazisindən başlayıb.
Norabak kəndinin icra nümayəndəsi Vazgen Asatryan bildirib ki, dünən günorta saatlarından başlayan yanğını söndürmək mümkün olmayıb. Asatryan ənənəvi erməni yalanlarından birini danışaraq deyib ki, guya, əsən külək yanğının səmtini dəyişərək Azərbaycan ərazilərinə keçməsinə səbəb olub. Halbuki yanğının qəsdən törədildiyinə şübhə belə yoxdur.
Hazırda həm Ermənistan, həm də Azərbaycan tərəfində yanğının söndürülməsi üçün tədbirlərin görüldüyü deyilir. Bəzi ocaqların qaldığı, onların da lokallaşdırılması üçün addımlar atıldığı deyilir.
Qeyd edək ki, ermənilər təkcə Kəlbəcər istiqamətində deyil, bütün sərhəd boyu mütəmadi olaraq təxribatlara əl atırlar. Yayın sonlarına doğru meşə yanğınlarının baş verməsi də həmin təxribatlardan biridir. Onların inkar etməsinə rəğmən, Laçın ərazisində qəsdən meşə yanğınlarının törədilməsi təsdiq edir ki, hadisə məhz düşmən tərəfindən törədilib.
Xatırladaq ki, dünən ermənilər Kəlbəcər istiqamətində daha bir təxribata imza atıblar. Onlar Ordumuzun mövqelərini və hərbçilərimizə ərzaq və zəruri əşyalar daşıyan təminat maşınlarımızı atəşə tutublar. Nəticədə, açılan güllələr iki avtomobilin ön şüşəsi və qabaq sipərini dələrək keçib.