AraşdırmaManşet

İranlı deputatlardan Azərbaycana qarşı əsassız ittihamlar

Əhməd Əlireza Beigi: “İsrail Azərbaycanı İranla münaqişəyə sövq etmək niyyətindədir”

Şəhriyar Heydəri: “Azərbaycan regionda gərginliyə cəhd edərsə, İran hərbi gücdən istifadə etməkdən çəkinməyəcək”

İran hakimiyyəti bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq, Azərbaycan səfirliyinin Tehranda açılmasına nail olmaq istəyir. Digər tərəfdən isə deputatları vasitəsi ilə münasibətləri korlamaqdan, hədə və ittihamlardan da əl çəkmir.

JAMAZ.İNFO xəbər verir ki, dünən İran parlamentinin iki deputatı Azərbaycan əleyhinə açıqlama veriblər. Təbriz şəhərindən deputat seçilmiş Əhməd Əlirza Beigi “İran Daily” qəzetinə açıqlamasında deyib ki, İsrail region ölkələri, xüsusən də Azərbaycan və Ermənistan arasında son vaxtlar ərazi gərginliyi fonunda Cənubi Qafqaz regionunda münaqişə yaratmağa çalışır.

O iddia edir ki, strateji Zəngəzur dəhlizi indi Cənubi Qafqazda təhlükəsizliyi artırmaq üçün bəhanəyə çevrilib. “Əgər Azərbaycan bu layihəni həyata keçirsə, İranın geosiyasi əhəmiyyəti aşağı düşəcək. Bu da İranın qonşularına çıxışını məhdudlaşdırır. İran geosiyasi dəyişikliklərə dözməyəcək və belə dəyişikliklərə müqavimət göstərəcək”.

Beigi onu da iddi edib ki, bu gün bəzi güclər Cənubi Qafqaz regionunda Ukraynada davam edən müharibənin yaratdığı Rusiya hakimiyyət boşluğunda baş verən ekspansionizmin şahidi olurlar. “Buna görə də bəzi trans-regional aktorların Cənubi Qafqazda əzələ nümayişi üçün zəmin hazırlayırlar. Bu arada İsrail rejimi regionda gərginlik yaratmaq üçün daha çox vəziyyətdən istifadə etməyə çalışır”.

İranlı deputat onu da deyib ki, İsrail Azərbaycanı İranla münaqişəyə sövq etmək niyyətindədir. “İsrail əmindir ki, bu münaqişədən onun faydası olacaq. Amma həm Azərbaycan, həm də İran ayıq-sayıq olmalı, İsrailin tələsinə düşməməli, beynəlxalq hüquqa hörmətlə yanaşmalı və ona əməl etməlidir”.

Beigi Ermənistanla münasibətlər məsələsinə də toxunub. “İrəvan hazırda strateji şokdadır. Çünki Ermənistanla Rusiya arasında imzalanmış hərbi müqaviləyə əsasən, Moskva Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə borcludur. Lakin indi Ermənistan Rusiya tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini hiss edir. Ona görə də ABŞ-a üz tutub.

İrəvanın yanaşması bizim regiondakı maraqlarımıza uyğun gəlmir və NATO-nun regionda mövcudluğunun heç bir əsası yoxdur. Bu məsələ, əlbəttə ki, Tehran tərəfindən məqbul deyil”.

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri də dilini dinc saxlamayıb. JAMAZ.İNFO xəbər verir ki, o, “Həyat” analitik saytına müsahibəsində deyib ki, Ermənistanı qorumaq İranın vacib öhdəliklərindən biridir və qırmızı xəttidir. “Ermənistanla sərhəddi saxlamaq və onun ərazi bütövlüyünə hörmət etmək İranın qırmızı xəttidir. Lakin təəssüf ki, Azərbaycan sionist rejim, Türkiyə və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə regionun coğrafiyasını dəyişməyə çalışır”.

Heydəri iddia edib ki, Azərbaycanın regionda gərginlik yaradacaq belə addımlar atmaması daha yaxşıdır. “Lazım gəlsə, İran da belə bir şeyin qarşısını almaq üçün hərbi gücə əl atacaq. Lakin bizim Azərbaycana tövsiyəmiz budur ki, Ermənistanla problemlərini diplomatik yollarla həll etməlidir. İran da Ermənistan və Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib”.

O qeyd edib ki, ən yaxşı yol diplomatiyadır, əgər Azərbaycan sionist rejim və ABŞ-ın mövcudluğuna uyğun olaraq İran sərhədlərinə yaxın addımlar atsa, İran mütləq reaksiya verəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button