Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Türkiyənin məşhur CNN Türk telekanalına müsahibə verib. JAMAZ.İNFO xəbər verir ki, Hacıyev bir sıra məsələlərə toxunaraq, maraqlı təklif də irəli sürüb.
İlk olaraq ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı məlum açıqlamasına münasibət bildirən prezidentin köməkçisi qeyd edib ki, bu addım sərt və tarixi səhvdir. Onun sözlərinə görə, belə bir qərarın verilməsi siyasi məqsədlərdən başqa heç nəyə xidmət etmir. “Türklərin şanlı tarixində heç bir xalqa qarşı belə bir yanaşma olmayıb. 100 il əvvəlki saxta tarixə baxmaqdansa, bugünkü tariximizə baxmaq daha yerində olan bir addım olardı”.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Qarabağda Xocalı soyqrımını gözardı edib, ABŞ Konqresinin bu məsələyə ya diqqət verməyiblər, ya da baxmayıblar. “Burada məqsəd tarixi siyasətə alət etməkdir. Bununla qardaş Türkiyəyə qarşı bir təzyiq vasitəsi formalaşdırmaqdır. Amma burada ən böyük səhvi erməni diasporu edir. Onlar gələcəyə baxmaq əvəzinə, keçmişin əsiri olublar. Qafqaz bölgəsində sərhədlərin açılması, yeni kommunikasiya xətlərinin yaradılması müzakirə olunduğu bir vaxtda, belə məsələlərin gündəmə gətirilməsi və hansısa qərarın verilməsi Ermənistanı yenə geriyə atan bir addımdır”.
Hikmət Hacıyev maraqlı bir təşəbbüslə də çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, hazırda Türkiyə ilə İsrail arasında münasibətlər normal deyil. Hətta bir çox məsələlərdə toqquşmalar da müşahidə olunur. Prezidentin köməkçisi isə qeyd edib ki, Azərbaycan münasibətlərin normallaşdırılması prosesində Türkiyə ilə İsrail arasında vasitəçi ola bilər. “Türkiyə ilə əməkdaşlıq sayəsində biz Azərbaycan qazını Aralıq dənizinə çıxarmağa nail olmuşuq. Əgər Türkiyə və İsrail arasında münasibətləri normallaşdırmaq üçün hər hansı bir vasitəçilik lazım gələrsə, Azərbaycan bu missiyanı həyata keçirməyə hazırdır”.