Gəncə Dövlət Universitetinin bir qrup müəllimi redaksiyamıza məktub ünvanlayıb. JAMAZ.İNFO-nun elektron poçtuna daxil olan həmin məktubda GDU-dakı özbaşınalıqlardan bəhs olunur.
Müəllimlər yazırlar ki, rektor Yusif Yusibov ötən gün universitetdə qarşıdan gələn imtahan sessiyası ilə bağlı yığıncaq keçirib. “Əslində, imtahanlar üçün fənn proqramı və keçilən dərslər əsas götürülməlidir. Lakin rektorun göstərişi ilə imtahan biletləri hazırlanıb. Bu biletlərə isə cəmi 80 sual salınıb. Bu sualların cavabları əslində həm kitablarda, həm də müəllimlərin tələbələrə yazdırdıqları mühazirə mətnlərində var. Tələbələr buradan öyrənib, cavabları imtahan zamanı özü yazmalıdır. Amma rektor müəllimləri məcbur edir ki, onlar hər bir biletə düşən sualların cavablarını yazıb, rəhbərliyə təhvil versin. Maraqlıdır, biletə düşən sualların cavabı yalnız imtahanda bilet çəkiləndən sonra tələbə tərəfindən yazılmalıdır. Müəllimlər bu sualların cavabını imtahan hələ olmamış niyə yazıb hazırlamalıdır ki?”
Qeyd edək ki, bunun səbəbini elə şikayətçi müəllimlər özləri açıqlayıblar. Onlar yazırlar ki, səbəb Yusif Yusibovun qoyduğu şərtlərdir. “Rektor kimlərin pulunu alırsa, biletlərin cavabını hazır şəkildə tələbəyə verir ki, qoy köçürsün. Pulunu əvvəlçədən verən belə tələbələr üçün xüsusi otaqlar da təşkil olunur. Yəni pul verən tələbələr xüsusi otaqlara salınır, orada hamı biletlərin cavablarını köçürür. Bir imtahanın qiyməti 100 manatdır”.
Müəllimlər deyir ki, GDU-da kafedra müdirləri və dekanların hüquqları əlindən alınıb. “Normal bir savadı, qabiliyyəti və elmi dərəcəsi olmayan adamlar dekanların fəaliyyətini yoxlayır. Rektor isə iclasda deyir: “O dekan, ölüb yerə girsin ki, Seva gəlib onun səhvini tutur”. Rektor Yusif Yusibov Seva dedikdə Tədris şöbəsində işləyən Sevinc Quliyevanı nəzərdə tutur”.
JAMAZ.İNFO-ya müraciət edən müəllimlər daha sonra vurğulayırlar ki, fevral ayının 16-dan mayın sonunadək orta məktəblərdə universitet tələbələri pedaqoji təcrübə keçməlidir. “Amma bir tələbədən 400-500 manat pul alıb, onları buraxdılar. Heç kim təcrübəyə gəlmədi. Təhsil Naziri Emin Əmrullayev Gəncəyə gələndə təcili olaraq tələbələri çağırıb süni görüntü yaratdılar ki, guya hər şey qaydasındadır. İndi rektor deyir ki, pedaqoji təcrübənin hesabat müdafiəsi lazım deyil, hamıya qiymət yazaq. Çünki pulu alınıb”.
Yazıda adıları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.