
Gəncə Dövlət Universitetinin “Coğrafiya” kafedrasının əməkdaşları Seymur Əjdər oğlu Xəlilov və Rəşad Məmməd oğlu Nuriyev sözügedən təhsil ocağında rüşvət qalmaqalı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə müraciət ediblər. JAMAZ.İNFO-nun elektron poçtuna göndərilən müraciətdə qeyd edilir ki, GDU-nun müəllimlərindən biri rüşvət müqabilində hələ də dərs deməyə davam edir.
Həmin müraciətdə vurğulanır ki, təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 05.07.2016-ci il tarixli 464 saylı əmri mövcuddur. Əmri o vaxtkı təhsil naziri Mikayıl Cabbarov imzalayıb. “Həmin əmrin 5-ci bəndində deyilir: “Təhsil müəssisələrinin rəhbərlərinə qrif almaq üçün təqdim olunan tədris vəsaitlərinin formal müzakirəsinin qarşısının alınması, müasir yoxlama metodlrının tətbiqi və plagiat faktı təsdiqləndiyi bütün tədris vəsaitlərinin təhsil müəssisələrində tədris prosessindən, kitabxanalardan və satışdan çıxarılması, onların müəlliflərinin isə əmək müqaviləsinə xitam verilməsi tapşırılsın”.
Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetinin “Coğrafiya” kafedrasının baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Nəsibə Niyaz qızı Hacıyevanın müəllifi olduğu “Coğrafiyanın ekoloji əsasları” adlı dərs vəsaitinə Təhsil Nazirliyi tərəfindən verilmiş nəşr hüququ (22.01.2013-cü il tarixli 94 saylı əmr) Təhsil Nazirliyinin 23.06.2015-ci il tarixli 698 saylı əmri ilə plagiat faktının aşkarlanması ilə əlaqədar ləğv edilmişdir. Bununla bağlı məsələyə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kollegiyasının 09.02.2016-cı il tarixli (protokol № 04-K) iclasında baxılmış və AAK Kollegiyasının 05.11.2013-cü il tarixli (protokol № 27-K) iclasında ona verilmiş “Coğrafiya” kafedrası üzrə dosent elmi adı və attestatından məhrum edilməsi haqqında qərar qəbul edilmişdir”.
GDU-nun müəllimələri bildirirlər ki, Təhsil Nazirliyinin yuxarıda qeyd edilən 05.07.2016-cı il tarixli 464 saylı əmrinin 5-ci bəndinə əsasən plagiata görə müəlliflə bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu halda Gəncə Dövlət Universitetinin rəhbərliyi rüşvət müqabilində qərarın bu bəndinin icrasını təmin etməyib. “Hal-hazırda isə Gəncə Dövlət Universitetinin tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov baş müəllim Nəsibə Hacıyevadan 10000 manat rüşvət alaraq, ona müvafiq ixtisas üzrə dosent elmi adı almaq üçün Elmi Şura tərəfindən AAK qarşısında vəsatət qaldırılmasına çalışır”.
Hər iki müəllim Nəsibə Hacıyevanın GDU-da necə qalıb, işləməsi ilə bağlı məsələnin araşdırılması və qərar verilməsini istəyirlər. “Hörmətli Famil müəllim, biz Sizi obyektiv adam kimi tanıyırıq. Ona görə də 10000 manat rüşvət müqabilində Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən AAK qarşısında vəsatət qaldırılaraq, belə bir saxta “alimə” dosent elmi adının verilməsinin qarşısının alınmasını kafedra əməkdaşları adından sizdən xahiş edirik”.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.