“Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyev Quba və Qusar rayonlarındakı alma bağlarını satışa çıxarıb. Bu barədə keçmiş sədrin yaxınlarından JAMAZ.İNFO-ya məlumat daxil olub.
Məlumatda deyilir ki, Pirverdiyevin sözügedən alma bağlarının ümumi sahəsi 300 hektar təşkil edir. Bir xeyli əvvəl Fransadan gətirdiyi tinglər hesabına əkdiyi bağlardan yığılan məhsulların yalnız Rusiyaya eksport olunduğunu bildirən mənbə qeyd edir ki, qəfil satış xəbərinin meydana çıxması sirr olaraq qalır.
Mənbə hesab edir ki, Pirverdiyevin belə bir addım atmasının səbəbi son dövrlər üzləşdiyi maliyyə sıxıntısı ilə bağlı olacağı inandırıcı deyil. Çünki “Azərenerji”nin sabiq rəhbərinin hazırda ciddi maliyyə çətinliyi yoxdur.
Lakin qaynaq sözügedən şəxsin son həbslərdən qorxuya düşdüyünü istisna etməyib. Məlumata görə, Pirverdiyev yaxın günlərdə təkcə, meyvə bağlarını deyil, digər əmlaklarını da satışa çıxara bilər.
Onun hədəfinin nə olduğu isə hələlik məlum deyil. Ehtimallardan biri odur ki, Pirverdiyev əlində olan bütün daşınmaz əmlakları, bağları və digər nəsnələrini pula çevirərək, ölkəni tərk edə bilər.