Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə baş verənlərdən dolayı yeni bir təkliflə çıxış edib. Onun təklifinə əsasən Azərbaycan Ordusu əvvəlki mövqeyinə çəkilməli, daha sonra ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin müşahidə missiyası, ardından isə sülhməramlı missiyası bölgəyə gəlməli, bundan sonra delimitasiya və demarkasiya məsələsi müzakirə olunmalıdır.
Qeyd edək ki, Paşinyan bu təklifindən sonra Parisə səfər edib, eyni fikirləri də orada səsləndirib. Aydın məsələdir ki, Ermənistanın baş nazirinin hədəfi başqadır. Burada əsas məqsəd ABŞ və Fransanın müşahidə və sülhməramlı missiyasının bölgəyə gəlməsini təmin etmək, Rusiyaya qarşı alternativ yaratmaqdır. Böyük ehtimalla Paşinyan bu fikrini bir qədər də genişləndirib, həmin missiyanın Qarabağda da fəaliyyət göstərməsi təklifini də irəli sürəcək.
Bildirək ki, bölgədə baş verənlər, xüsusən Paşinyan hökumətinin atdığı son addımlar açıq-aydın anti-Rusiya meyilləri ilə diqqəti çəkir. KTMT-ni fəaliyyətsizlikdə günahlandırması, Ermənistana dəstək verməməkdə qınaması, habelə bundan sonra BMT-yə müraciət edəcəklərini açıqlaması, o cümlədən sərhəddə təxribata əl atmaları da göstərir ki, İrəvan hakimiyyəti Rusiyanın bölgədə təkbaşına hegamonluq etməsini istəmir. Daha doğrusu, onu dəstəkləyən Qərb siyasi dairələri Paşinyanın əli ilə Moskvanı bölgədə sıxışdırmağa çalışır.
Eyni zamanda, Ermənistan hakimiyyəti əsasən faransızların bölgəyə gəlməsinə çalışır. Çünki Paşinyan Parisdə səfərdə olarkən birmənalı şəkildə bəyan etdi ki, Fransa Ermənistanın əsas strateji müttəfiqidir. Elə bölgə ilə bağlı planların müəllifinin də Parisin olduğu şübhə doğurmur. Ona görə ki, Qafqazda təkcə türklərin deyil, həm də ingilislərin ayaq səsləri eşidilməyə başlayıb. İngiltərinin olduğu yerdə fransızların hər zaman barrikada qurmaları isə gizli bir məsələ deyil.
Şübhəsiz, Rusiya Ermənistan hakimiyyətinin oyunundan xəbərdardır. Elə bu səbəbdəndir ki, əsas müttəfiqi olan Robert Koçaryanın hakimiyyətə gəlməsi üçün bütün imkanlarından istifadə edir. Digər tərəfədən, Kreml Azərbaycan-Ermənistan sərhəddində baş verənləri nəzarətinə alaraq, problemi çözmək üçün müxtəlif vasitələrdən yararlanır. Məsələn, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın dərhal Moskvaya çağırılması, yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədd məsələsini müzakirə etmək üçün Mmoskvaya çağırılması, habelə Geqarkunq məntəqəsinə rus sülhmərmalarının göndərilməsi bunun əyani sübutlarından biridir.
Digər tərəfdən, Rusiya ermənilərin qurduqları “tələyə” düşməmək üçün başqa addımlar da atacaqlar. Buna paralel olaraq, Paşinyanın hərəkətləri Moskvanə nəinki qane etmir, həm də qəzəblənməsinə də gətirib çıxaracaq amildir. Hər halda Moskva qulağının dibində hər hansı bir Qərb dövlətinin varlığını istəmir. Bu əvvəldən də belə olub, bundan sonra da belə olaraq davam edəcək.
Bu əsnada, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefa verməsinin səbəbləri sırasında maraqlı detalları üzə çıxıb. Məlumatlara əsasən Ayvazyan heç də Ermənistan və Azərbaycan arasında sərhəddə dair məlum sənədə görə istefa verməyib. Hətta erməni mənbələri onun iyunun 20-nə qədər istefa verməyəcəyi, lakin situasiya dəyişdiyi üçün təcili ərizə ilə müraciət etdiyi iddia olunur. Bildirilir ki, Ayvazyan Paşinyanın bölgəyə Qərb dövlətlərinin gətirilməsi təklifinin Rusiyanı bərk qəzəbləndirdiyindən xəbərdar olub və bunun yaxşı nəticə verməyəcəyini bildiyindən postunu tərk edib. Yəni, keçmiş nazir ABŞ və Fransa sülhməramlı kontingentinin Ermənistan-Azərbaycan sərhəddinə gəlməsinə qarşı olub. Hökumət başçısı ilə bu məsələdə fikir ayrılığı olduğu üçün istefa verib.
Bu məlumatlara istinad edərsək, gedişatın Rusiyanı nəinki məmnun etməyib, hətta qəzəbləndirdiyi aşkar şəkildə görünməkdədir. Vaqarşak Arutyunyanın təcili Moskvaya çağırılması, orada aparılan danışıqlarla yanaşı, ona hansı təlimatların verildiyi də bəlli deyil. Digər tərəfdən, Rusiya Mehri istiqamətində böyük bir ərazini icarəyə götürdüyünü, orada öz qoşun hissələrini yerləşdirdiyini, habelə ərazinin təhlükəsizliyini üstləndiyini də açıq bəyan edib. Kremlin belə bir addım atmasının arxasında hansı məqsədlərin dayandığını aşağı-yuxarı təxmin etmək olar.
Mehri Azərbaycanla Naxçıvanı birləşdirən dəhlizlərdən biridir. Azərbaycan tərəfi bəyan edib ki, tez bir zamanda Mehri vasitəsi ilə Naxçıvanla quru yolları açılacaq. Buraya dəmir yolu və avtomobil magistralı daxildir. Ermənistanın dəmir yolları bütünlüklə Rusiyanın əlində olduğunu da buraya əlavə etsək, anlaşılan bu ola bilər ki, Kreml həmin dəhlizin açılmasında maraqlıdır və ya onu həyata keçirməyə hazırlaşır imitasiyasını edir. Hərçənd müttəfiqi Koçaryanın dili ilə “Rusiya dəhlizin açılmasının əleyhinədir və bunun qarşısını alan yeganə faktordur” təbliğatını aparır ki, bunu da publikaya hesablanmış açıqlama kimi qiymətləndirmək daha doğru olar. Lakin Rusiya Mehri dəhlizində işlərə başladığını göstərməklə Paşinyana daha bir zərbə vurmağa hazırlaşır.
Beləliklə, bölgədə yeni “qır qazanı” qaynamağa başlayıb. Paşinyan Qərbdən aldığı dəstək hesabına Azərbaycanla indiyə qədər əldə etdiyi anlaşmaları pozmağın bir addımlığındadır. Artıq bunun ilk simptomları görünməkdədir. Kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına dair üçtərəfli komissiyanın fəaliyyətinin dayandırılması bunlardan biridir. Bundan başqa, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin də sual altına olduğu və İrəvan tərəfindən pozulduğu da göz önündədir.
Bu əsnada, Rusiyanın Ermənistanda informasiya siyasətini həyata keçirən “Sputnik Armenia” Xəbər Agentliyinin dünən “Bölgədə yeni müharibə olacaqmı?” başlıqlı yazısı diqqət çəkməyə bilməz. Həmin yazıda xüsusi olaraq vurğulanır ki, Ermənistanın davranışları bölgədə yeni müharibədən xəbər verir. “Hər nə qədər sakitlik olsa da, müharibənin başlayıb, başlamayacağını İrəvanda kabinetlərdə əyləşənlərin heç biri bilmir. Bu baş verə də bilər, baş verməyə də”. Və agentliyin belə bir yazı ilə məhz indiki məqamda çıxış etməsi səbəbsiz deyil və böyük ehtimalla İrəvan hakimiyyətinə dolayı bir xəbərdarlıq kimi də qəbul ediləndir.
Bütün bunların fonunda bölgəyə ABŞ və Fransanın gəlişini təmin etmək üçün Paşinyanın atdığı addımlar Rusiya üçün xoş olmayan hərəkətlərdir. Ki, Kremlin bunu cavasız qoymayacağı şübhəsizdir. Əgər bu baş verərəsə, Kreml Paşinyana daha ağır zərbə vuracağı, Ermənistanın içində hansı oyunları oynayacağı, habelə İrəvan hakimiyyətinin ən çəkindiyi məsələ olan Qarabağla bağlı hansı addımlar atacağı sual olaraq qalır.
Fərda Uğur
JAMAZ.İNFO