44 günlük Qarabağ müharibəsindən sonra ağır məğlubiyyətə uğrayan və ciddi problemlərlə üzləşən erməni tərəfi çıxış yolları axtarır. JAMAZ.İNFO xəbər verir ki, xüsusən də Qarabağda yaşayan ermənilər hər vəchlə Azərbaycanın tərkibində yaşamamaq istəklərini ön plana çəkirlər.
Qeyd edək ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklərini israrla dilə gətirirlər. Lakin bundan çıxış yolu tapmaq üçün iki varianta üstünlük verirlər. Birinci variant odur ki, ermənilər onlara Azərbaycan pasportu təklif olunacağı və tələb şəkli alacağı təqdirdə, Qarabağı tərk edəcəklərini bildirirlər. İkinci variant isə Rusiya ərazisi kimi tanınmaq və onların pasportlarını daşımaqdır.
JAMAZ.İNFO xəbər verir ki, son günlər Qarabağ erməniləri yeni şaiyələr yaymağa başlayıblar. Həmin şaiyələrdən biri də guya, Qarabağda mart və ya aprel aylarında referendumun keçirilməsi ilə bağlıdır. Sosial şəbəkələrin erməni seqmentində yayılmış məlumatlardan belə aydın olur ki, Qarabağ erməniləri Ermənistandan hər hansı bir kömək gözləmir və onlara etibar da etmirlər. Belə ki, onlar Ermənistanın özünün problem içində olduğunu və onlara köməklik göstərilməsi lazım gəldiyini deyirlər. Üstəlik, bildirirlər ki, İrəvan 30 il ərzində onların “müstəqilliyi”ni tanımayıb və Ermənistana güvənmək lazım deyil.
Elə bu arqumentlə çıxış edərək, guya, Rusiyanın keçirəcəyi və məqsədin də Qarabağın Rusiyaya birləşdirilməsi olduğu referendum məsələsini aktiv müzakirəyə çıxarıblar. Və hesab edirlər ki, bu onlar üçün sonuncu şansdır. Əks təqdirdə, Azərbaycanın tələblərinə boyun əyməli olacaqlar.
Xatırladaq ki, Qarabağda hər hansı referendumun keçiriləcəyi müzakirə mövzusu deyil. Belə məkumatların yayılması ermənilərin arzusundan başqa bir şey deyil.