GündəmManşet

Bu gün Xankəndidə “parlament” və “hökumət” buraxıla bilər: Mativasyanın verdiyi 2 gün vaxt bitir

Xəbər verildiyi kimi, avqustun 22-də Xankəndidə Karen Mativasyan adlı erməni qanunsuz silahlı dəstə yaradaraq, özünü bölgənin “təhlüksəziliyinə cavabdeh şəxs” elan edib. JAMAZ.İNFO xəbər verir ki, həmin Qarabağdakı qondarma “parlament”ə silahla daxil olan Mativasyan bölgədəki bütün siyasi qüvvələri birləşməyə çağırıb.

Qeyd edək ki, bunun ardından sözügedən şəxs Ruben Vardanyan, Bako Sakyan və Arkadi Qukasyana xəbərdarlıq edib ki, onların birləşərək, yekun qərar vermələri üçün iki gün vaxtları var. “Əgər qarşıdakı iki gün ərzində həmin qüvvələr bir araya gəlib, Qarabağdakı vəziyyətdən çıxış qüçün birləşərək yekun qərar verməsələr, biz təşəbbüsü ələ alacağıq. Bunun ardından isə “parlamenti” buraxacağıq. Onun bazasında “Böhran Komitəsi” yaradacağıq. Həmin komitə isə əhalini vəziyyətdən çıxarmaq üçün qərarlar qəbul edəcək”.

Bildirək ki, Mativasyanın açıqlamasından iki gün keçir. Onun müəyyən etdiyi vaxt bu gün tamam olur. Lakin Karenin çağırışlarına məhəl qoyan yoxdur. Belə ki, Ruben Vardanyan İrəvanda keçirilən mer seçkiləri ilə bağlı aktivləşib. O, “Ana Ermənistan” adlı partiyanın qələbə qazanması üçün bütün imkanlarını səfərbərliyə alıb.

Bako Saakyan və Arkadi Qukasyan isə Arayik Harutyunyanın ötən gün keçirdiyi iclasa qatılmaqdan imtina ediblər. Onlar bildiriblər ki, Harutyunyanın toplantılarında iştirak etməkdə maraqlı deyillər.

Belə olan halda Xankəndidə bu gün nə baş verə bilər? Qeyd edək ki, Karen Mativasyan Ermənistanda narkoman kimi təqdim olunur. Ermənistanın sabiq baş qərargah rəisi Movses Akopyan bildirib ki, sözügedən şəxsin narkoman olması haqqında bilgiyə sahibdir.

Lakin gedişat onu göstərir ki, Qarabağdakı separatçılar, xüsusən də Harutyunyan Kareni ciddi qəbul edir. Əgər belə olmasaydı, son iclsda onun iştirakını təmin etməzdi.

Bundan başqa, belə bir məlumat da var ki, Karen Qarabağdakı digər separatçı dəstənin rəhbəri Samvel Babayanın ən yaxın adamıdır. Onun silahlı milis dəstəsi yaratması da məhz Babayanın təşəbbüsü ilə baş tutub.

İndiyə qədər gələn xəbərlərdən məlum olan odur ki, Xankəndidə nisbi sakitlikdir. Karen Mativasyan və onun qanunsuz silahlı dəstəsinin hər hansı hərəkətliliyi müşahidə olunmur. Lakin erməni mediası yazır ki, hadisələrin inkişafı axşam saatlarında müşahidə oluna bilər. Onların iddiasına görə, Mativasyan günün sonunda qərarını açıqlayaraq, dediklərini həyata keçirmək üçün addım atacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button