Xəbər verildiyi kimi, dünən Şuşa yaxınlığında Azərbaycan Ordusunun hərbi postuna qumbara atılıb. Norayir Mirzoyan adlı erməni terrorçusunun törətdiyi hadisədən sonra saxlanıldığı və Xankəndindəki separatçılara verildiyi bildirilir. JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı erməni terrorçuları Mirzoyanı əvvəlcə, Ermənistana ötürmək istəsələr də, bu fikirlərindən daşınıblar. Ona görə də, məlumat yayıblar ki, Mirzoyanı özləri mühakimə edəcəklər.
Qeyd edək ki, baş verən hadisə nəticəsində 3 Azərbaycan əsgəri yaralanıb. Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb və istintaq hərəkətləri apardığını bəyan edib. Lakin rəsmi qurumlar erməni terrorçunun Azərbaycana təhvil verilməsi üçün hər hansı bir addım atılıb, atılmadığı barədə heç bir bilgi verməyiblər.
Qarabağdakı “politoiloq”lardan biri, Aleksandr Kənanyan isə iddia edib ki, rəsmi Bakı terrorçunun Azərbaycana təhvil verilməsi üçün Rusiya tərəfi ilə danışıqlar aparır. Onun sözlərinə görə, Azərbaycan tərəfi məsələdə israr edir və hazırda rus sülhməramlıları ilə bununla bağlı aktiv şəkildə danışıqlar gedir.
Kənanyan bildirib ki, əgər Azərbaycan istəyinə nail olarsa, yəni, Mirzoyanı alarsa, bu qısa müddətdə ermənilərin Qarabağdan qaçmasına səbəb olacaq. “Belə hallar erməniləri tədricən Qarabağı tərk etməyə məcbur edəcək ki, bu da onun Azərbaycana tam nəzarətinə gətirib çıxaracaq”.
Xatırladaq ki, dünən erməni mediası da bununla bağlı məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, Azərbaycan israrla Norayir Mirzoyanın təhvil verilməsini tələb edir.