ManşetSosial

Bakı sakini Şeyxin qudasından torpağını geri almaq üçün Bayraktardan dron istədi

Əmlakının zəbt olunduğunu iddia edən iş adamı Seymur Quliyev Türkiyənin “Baykar Makina” şirkətinin sahibi Səlcuq Bayraqdara zəng edib.
O, Səlcuq Bayraqdardan azərbaycanlı keçmiş deputat tərəfindən zəbt olunan torpaq sahəsini azad etmək üçün dron istəyib. Bu barədə Meydan TV-yə Seymur Quliyev bildirib.
O deyib ki, o, ötən ilin dekabrın 15-də Səlcuq Bayraqdarın “vatsap” nömrəsinə zəng edib: “Mənə telefonda şirkətin işçisi cavab verdi, torpağımın keçmiş deputat Qalib Salahzadə tərəfindən zəbt olunduğunu deyərək müşahidə və zərbə vuran dronu almaq istədiyini söylədim. Ardınca məni şirkətdə yüksək vəzifəli bir xanımla əlaqələndirdilər. Mən ona Bakının Bilgəh qəsəbəsində torpaq alıb ev tikdiyimi, amma sonradan sabiq deputat Qalib Salahzadənin həyətimi və ora gedən yolu zəbt edərək evimi dağıtdığını dedim. Bundan sonra həmin xanım təəccübləndi: “Biz nə yardım edə bilərik”, – deyə sual etdi. Mən ona mülkiyyətimin zəbt olunduğunu və işğalçının Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Xatirə Allahşükürün əri, deputat Qalib Salahzadənin olduğunu ətraflı danışdım. Xanım hüquq-mühafizə orqanlarının niyə reaksiya vermədiyini soruşdu, ona müraciətlərimin olduğunu, hətta məhkəmə qərarının da qəbul edildiyini, amma torpağımın və evimin geri qaytara bilmədiyimi dedim”.
Seymur Quliyev şirkət əməkdaşının dronla bağlı sualına isə belə cavab verib: “O, məndən niyə müşahidə və zərbə dronlarını istədiyimi soruşanda dedim ki, deputat evimə gedən yolu da 5 ildir bağlayıb və 35 ailə həmin yoldan məhrumdur, indi həmin yolu açmaq üçün dron lazımdır. Xanım 5 il söhbətin eşidəndə dəhşətə gəldi və istintaqın, məhkəmənin qərarlarına baxmayaraq Qalib Salahzadənin bunlara əhəmiyyət vermədiyini əlavə etdim. Çünki evimə 9 ildir gedə bilmirəm. Xanım bir anlıq susdu və “Necə yəni, sən necə yaşayırsan…”, – deyə sual etdi. Sonda xanım dedi ki, onlar dronları yalnız hərbi məqsədlə satırlar. Mən onu başa düşdüyümü söyləyəndən sonra əlavə etdim ki, paytaxtın icra başçısı Eldar Əzizovun qəbulunda olmuşam. Onun mənə söz verdiyini, amma nə yolumu açdıqlarını, nə də evimi qaytardıqlarını bildirdim. Ardınca dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qəbulunda olduğumu, əlimdə çıxarış olsa da, Qalib Salahzadənin yerimi pullu dayancaq etdiyini söyləsəm də, heç bir reaksiyanın olmadığını dedim. Hətta Daxili İşlər Nazirliyinin müstəntiqi Anar Dəmirçiyevlə birgə əraziyə getsək də, sabiq deputat bizi əraziyə buraxmadı. Müstəntiq məhkəmə qərarını Qalib Salahzadəyə xatırladıb və onun mülkiyyətçi hüququnu olmadığını xatırlatsa da, təhqiramiz ifadə işlədərək onu da buraxmadı. Anar Dəmirçiyev buna görə Səbail Rayon Məhkəməsinə şikayət etsə də, yenə onu buraxmadı. Yalnız Bakı Apelyasiya Məhkəməsinin qərarından sonra müstəntiqi əraziyə buraxdılar. Bütün bunları danışandan sonra şirkətin rəsmisi yenə dedi ki, əgər hərbçi müraciət etsə, onlar dron sata bilərlər. Mən isə almaq yox, müvəqqəti istifadə üçün dron istəyirdim”.
Bundan sonra Türkiyənin Bakıdakı səfirliyi Seymur Quliyevlə əlaqə saxlayıb: “Səfirlik mənim onlara məktubla müraciət etdiyimi də xatırlatdı. Bildirdilər ki, siz yeni səfirin adına yazmısınız, ona görə ərizənizi dəyişin, hələlkik köhnə səfirdir. Ona görə başlığı dəyişib yeni ərizə yazın. Bundan sonra səfirimiz sizin dövlət başçısınıza məsələni çatdırmağa çalışacaq”
Xatırladaq ki, Seymur Quliyev 2020-ci ili mart ayında da Meydan TV-yə müraciət edib.
O bildirib ki, sabiq deputat Qalib Salahzadə 2012-ci ildə onun özəl mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi ev 21 ünvanını zəbt edib. Həmin ünvanda yerləşən 2 və 3 mərtəbəli mülkləri dağıdıb.
Bundan sonra o, məhkəmələrə üz tutub. Məhkəmələr Seymur Quliyevin xeyrinə qərar versələr də, Qalib Salahzadə bu gün də onun özəl mülkündən çıxmır, ərazini avtodayanacağa çevirməklə pul qazanır.
Bundan sonra Seymur Quliyev Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), Prezident Adminstrasiyasının qarşısında təkadamlıq aksiya keçirməyə qərar verib.
O deyib ki, 2020-ci il fevralın 25-də belə bir aksiya keçirməyə cəhd edərkən saxlanılıb, izahat yazdıqdan sonra azad edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button