Xəbər verildiyi kimi, bu yaxınlarda hazırda işlək vəziyyətdə olan Laçın “dəhlizi”nin alternativi çəkilir. Hələ bir neçə gün əvvəl bununla əlaqədar sosial şəbəkələrdə yolun yeni marşrutu barədə xəritələr də paylaşılmışdı. JAMAZ.İNFO xəbər verir ki, bu hadisədən sonra Qarabağda yaşayan separatçılar ciddi təşviş keçirməyə başlayıblar.
Həmin təşvişin əsas səbəbi isə yeni yol çəkildikdən sonra Laçın şəhəri daxil olmaqla, rayonun və Şuşa şəhərinin bir çenə kəndi də Azərbaycanın nəzarətinə qaytarılmasıdır.
Bildirək ki, məsələ ilə əlaqədar Qarabağdakı separatçıların nümayəndəsi, özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan açıqlama verib. Onu da vurğulayaq ki, Babayan təkcə yeni yol deyil, həmçinin Azərbaycanlı qaçqınların Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə qayıtması ilə bağlı da danışıb. Maraqlı məqam odur ki, sözügedən şəxs separatçıların şərtinin olduğunu da dilə gətirib.
İndi isə keçək əsas məsələyə. Əsas məsələ odur ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda qeyd olunur ki, Azərbaycan tərəfi 3 il müddətində Laçın “dəhlizi”nin alternativini çəkir. Yeni yol Ermənistanla Qarabağda yaşayan ermənilər arasında əlaqə vasitəsi missiyasını həyata keçirir. Həmin yolun təhlükəsizliyinə Azərbaycan tərəfi təminat verir. Yolu qoruyan isə rus sülhməramlıları olacaq.
Yazının əvvəlində bildirdik ki, artıq alternativ yolun çəkilməsinə başlanılıb. Həmin yolun çəkilməsindən sonra isə Laçın və Şuşa rayonlarının bir neçə kəndi Azərbaycanın nəzarətinə keçəcək. David Babayan bununla bağlı deyib ki, Qarabağın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsi təmin edilməlidir. O iddia edib ki, bu əlaqə Azərbaycan tərəfindən idarə oluna bilməz. “Laçından yan keçən yolun tikintisi nəticəsində bir neçə kənd Azərbaycanın nəzarətinə keçəcək. Bu məsələ bizim nəzarətimizdədir. Hələlik heç bir yekun qərar yoxdur. Hazırda danışıqlar gedir. Biz öz maraqlarımızı müdafiə edəcəyik”.
Babayan onu da bildirib ki, Azərbaycan yeni Laçın yolunun üzərində keçid məntəqəsi quraşdırmağı planlaşdırır. “Bununla bağlı, danışıqlar olub. Bu, qətiyyən yolverilməzdir”.
Qondarma “nazir” bu açıqlamanın ardından Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq məsələsindən də danışıb. O, həyasızcasına şərt də irəli sürüb. “Bununla bağlı bizim iki şərtimiz var. İlk növbədə, bütün siyasi məsələlər həll olunmalıdır. Siyasi məsələ dedikdə, Azərbaycanın Qarabağın müstəqilliyini tanımalıdır. İkincisi, erməni qaçqınlar da zorla qovulduqları yerlərə, Bakıya və Azərbaycanın digər şəhərlərinə qayıda bilsinlər. Başqa cür ola bilməz”.
Amma Babayanın həyasızlığı bununla da sərhədlənməyib. O bir qədər də irəli gedərək, Hadrut və Şuşanı geri qaytaracaqlarını sərsəmləyib. “Şuşa və Hadrut şəhərlərinin məsələsi hər zaman gündəmdədir. ““Biz inanırıq ki, bu gec-tez baş verəcək. Amma işləmək lazımdır. Bir şeyi deyə bilərəm – biz heç vaxt öz torpağımızdan əl çəkməyəcəyik”.
P.S. Qeyd edək ki, Qarabağdakı separatçılar bütün imkanlardan istifadə edərək, öz varlıqlarını nümayiş etdirməyə, bunun üçün hər cür təxribatlara əl atmağa cəhd edirlər. Bir neçə gün əvvəl Tərtər rayonunun Qapanlı kəndinin atəşə tutulması, Qırmızı Bazar və Tağavard istiqamətlərində müxtəlif təxribatlara əl atmaları da bunun təzahürlərindən biridir. Lakin Babayan və onunla birlikdə separatçılıqla məşğul olanlar Şuşa və Hadrutun da xiffətini çəkirlər. Hətta hər iki şəhəri geri alacaqlarının xəyallarını qururlar. Amma nafilə. Qulaqlarının dibini görəcəklər.