
Artıq bir neçə gündür istər Ermənistanda, istərsə də Qarabağda silahlı terror qruplaşmasının ləğv ediləcəyi, onun yerində yerli milis və Ddaxili Qoşun “qüvvələri” yaradılacağı barədə müzakirələr gedir. JAMAZ.İNFO xəbər verir ki, ötən günlərdə Qarabağda yerləşmiş terrorçuların nümayəndəsi Vitali Balasanyan da dolayısı ilə təsdiqləmişdi ki, “Artsax Müdafiə Ordusu” ləğv ediləcək.
Bu gün isə Qarabağdakı qondarma “rejimin” sabiq “müşavir”lərindən biri Tiqran Abramyan bildirib ki, dünəndən etibarən Xankəndidə “Artsax Ordusuna çağırış müddətinin azaldılması” məsələsi müzakirəyə çıxarılıb.
O bildirib ki, bu, məcburi hərbi xidmət müddəti ilə bağlıdır. “Ermənistan və ya Qarabağ ictimaiyyəti üçün hansısa xoş versiyanı müzakirə etdiyimizi düşünmürəm. Müqavilə sayını artırsaq da, xidmət müddətini qısaltmağımızı təmin edəcək uyğun bir təhlükəsizlik mühitimiz, insan resurslarımız yoxdur”.
Abramyan bildirib ki, Qarabağdakı silahlı terror təşkilatını yenidən formalaşdırmağa ehtiyac var.