ManşetÖlkə içi

Armen Aşotyan: “Qarabağ itirilib, müqavilənin hansı ölkədə imzalanmasının heç bir fərqi yoxdur”

“Ermənistan hakimiyyəti Qərbin mahiyyəti Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olan geosiyasi oyununun bir hissəsinə çevrilib. Brüssel və ya Vaşinqton platformasında Azərbaycanla danışıqlar bu oyunun əsas komponentidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Ermənistana Respublika Partiyasının sədr müavini, Milli Assambleyanın keçmiş deputatı Armen Aşotyandır.

“Sputnik Ermənistana” danışan Aşotyan deyib ki, baş nazir Nikol Paşinyan rulet oynayır. “Erməni xalqının və Ermənistan dövlətinin taleyi təhlükə altındadır. Qlobal güclərin vasitəçilik fəaliyyəti isə bir şeydən xəbər verir – Ermənistanın baş nazirinin simasında “müştəri” var və o, nəyin bahasına olursa olsun, irimiqyaslı geosiyasi “yarmarkada” “aldadılmalıdır”. Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, İrəvan və Bakı tezliklə sülh sazişi əldə edə bilər. Daha sonra Azərbaycan mətbuatında Blinkenin yaxın vaxtlarda Vaşinqtonda erməni və azərbaycanlı həmkarları ilə görüşə biləcəyi və bu görüşdə sülh sazişinin paraflanacağı barədə xəbərlər çıxdı. Bu material hazırlanarkən Ermənistan Xarici İşlər Nazirliyi bu söz-söhbətləri şərh etmədi. Maraqlıdır ki, indiyədək Avropa Şurasının rəhbəri Şarl Mişel tərəfindən irəli sürülən Brüssel formatı ilk növbədə danışıqların “Qərb platforması” kimi qəbul edilirdi. İndi isə Vaşinqton getdikcə fəallaşır”.

Partiya sədrinin müavininin fikrincə, bu, taktiki gedişdir və istənilən halda nəticə eynidir: “Qərb kapitalı ilə hansı danışıqların aparılmasından asılı olmayaraq, onların məntiqi sonluğu Qarabağın Azərbaycanın tərkibində olmasını nəzərdə tutur. Rusiyadan fərqli olaraq, Qərbin iki qiyafədə hərəkət etmək imkanı var. Və əgər indi Brüssel formatı müəyyən durğunluq yaşayırsa, o zaman onun əvəzinə Vaşinqton formatı işə salınır. Hər iki halda məqsəd eynidir – danışıqları intensivləşdirmək. Qərbin himayəsi altında Cənubi Qafqaz, ardınca isə Rusiyanın regionda təsirinin azalması. Bu geosiyasi yarmarkada Ermənistan hakimiyyətinin “müştəri” rolu var və Paşinyan bu rolu məmnuniyyətlə oynayır”.

Erməni siyasətçi əmindir ki, Qərb Paşinyanın Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtina etməyə hazır olduğunu yaxşı bilir. “O, bu məsələni gələcəyə buraxmağa belə hazır deyil. Paşinyan Rusiyanın status məsələsinin təxirə salınması təklifini rədd edib. Bundan sonra Rusiya status məsələsinin təxirə salınması üçün təkcə Azərbaycana diplomatik təzyiq göstərməyi məqsədəuyğun saymayıb”.

Aşotyanın sözlərinə görə, baş nazir ATƏT-in Minsk Qrupu formatından kənar mənalı danışıqlarda iştirak etmək qərarına gələrkən ölümcül səhvə yol verib. “O, müxtəlif qütblərlə işləməyə başlayaraq, geosiyasi avantüraya getdi və erməni müxalifəti, o cümlədən AXC belə bir oyunun nə ilə nəticələnəcəyi barədə iki il ərzində dəfələrlə xəbərdarlıq etdi”.

Qeyd edək ki, hələ fevral ayında Aşotyan İrəvan və Bakının Avropa vasitəçiliyi ilə danışıqlar apardığı sənədi dərc etmişdi. O bildirirdi ki, Ermənistan və Azərbaycan arasında gələcək sazişin bir hissəsi bir-birinin ərazi bütövlüyünün tanınması olacaq və sazişdə Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə dair bənd yer alacaq.

İndi isə Aşotyan qeyd edir ki, onun dərc etdiyi sənəd gələcək müqavilənin prinsiplərini əks etdirirdi. “Problem ondadır ki, Xankəndi ilə Bakı arasında “dialoq” bəhanəsi ilə Qarabağın Azərbaycan tərəfindən tədricən mənimsənilməsi baş verir. Üstəlik, Amerika versiyası artıq ictimaiyyətə açıqlanandan heç də fərqlənmir. Deməli, Ermənistan cəmiyyəti Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna son qoyarsa, müqavilənin hansı Qərb paytaxtında imzalanmasının heç bir fərqi yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button