”İran yük daşımalarının təhlükəsizliyini təmin etmək və Türkiyənin Azərbaycana təsirini azaltmaq istəyir”. JAMAZ.İNFO xəbər verir ki, bunu rus politoloq Aleksandr Skakov deyib.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında hərbi əməliyyatların başlama ehtimalı azdır. Skakov hesab edir ki,hazırda daha çox əsəb savaşı gedir. ”İran Qarabağ müharibəsindən sonra özünü kənarda qalmış hiss edir. Çünki baş verənlərdən heç bir şey qazana bilmədi. Düzdür, gözlədiyindən daha az itirdi. Tehran sevincəkdir ki, Dağlıq Qarabağda heç bir Amerika və ya NATO sülhməramlıları görünmədi. Buna baxmayaraq, Türkiyə və İsrailin Azərbaycandakı mövqelərinin möhkəmlənməsi də İranda narahtlıq yaratmaya bilməz” .
Rus politoloq qeyd edir ki, İranın narazılığı yüklərin daşınması zamanı yolların işləməməsi ilə bağlıdır. “Bu mərhələdə kommunikasiyaların işləməsi İran üçün çox vacibdir”.
Skakov düşünür ki, İran sərhəddə qoşun yığmaqla yanaşı, talış problemindən Azərbaycana qarşı istifadə edə bilər. “Lakin bu prosesdə də gecikib. Çünki həmin məsələni daha əvvəl həll edilməli idi”.
Ekspert vurğulayır ki, İranın narahatlıqlarından biri Azərbaycanın gözlənildiyindən daha çox irəliləməsədir. “Məsələyə daha qlobal miqyasda yanaşsaq, görünən odur ki, Tehranda Azərbaycanın həddindən artıq irəlilədiyinə dair qənaət formalaşıb. Və İranda bunu dayandırmaq istəyi var”.
Rus politoloqun fikrincə, İran Azərbaycandan güzəştlər gözləyir. “O da istisna deyil ki, Tehranla münasibətlərin kəskin şəkildə pisləşməsi indiki məqamda Bakının maraqlarına cavab vermir. Paralel olaraq, İran Türkiyənin Azərbaycanda artan təsirindən də narahatdır. Ona görə də, Ankaranın rolunu mümkün qədər məhdudlaşdırmağa cəhd edir. Çünki bu, İranın işinə yarayılr. Amma nəzərə alaq ki, Tehran belə bir cəhd edərsə, Türkiyə də Suriyada ona cavab verə biləcək gücdədir”.