“Azərbaycan hakimiyyətinin Qarabağdakı rus sülhməramlıları ilə bağlı verdiyi şərh daxili auditoriyaya hesablanıb”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Skakov deyib.
Onun sözlərinə görə, sülhməramlıların hər hansı bir əraziyə yerləşdirilməsi heç də həmişə parlamentin qərarı ilə təsdiqlənmir. “Belə misalları çox göstərmək olar. Məsələn, Serbiya parlamenti Kosovoda sülhməramlı yerləşdirilməsini təsdiqləyibmi? Yox. Parlamentin Bosniya-Hersoqovina və Xorvatiyadan sülhməramlıların çıxarılması və yerləşdirilməsi barədə qərar var idimi? Təbii ki, yox. Bütün bunlar pis oyunda yaxşı minadan istifadə etmək cəhdlərindən başqa bir şey deyil”.
Onun fikrincə, rus sülhməramlıları Qarabağda 5 il deyil, daha çox qalacaq. Onun nəzərincə, Bakı rus sülhməramlıları Qarabağdan çıxarmaq gücündə deyil. “Azərbaycan Qarabağdakı rus hərbçilərinin varlığı ilə barışmaq məcburiyyətindədir və onlarla hesablaşmalıdır. Təbii ki, bu kimlərəsə xoş olmaya bilər. Lakin bu onların şəxsi işləridir”.
Skakov hesab edir ki, belə bəyanatlarla prosesi dayandırmaq mümkün deyil. Onun sözlərinə görə, bölgədə müəyyən təxribat cəhdləri olacaq. “Lakin bu təxribatlar ümumilikdə prosesə heç bir təsir etməyəcək. Düşünürəm ki, Kremldə oturanlar belə təxribatların baş verəcəyini mümkün hesab edirlər və məsələdən xəbərdardırlar. Eyni zamanda, onlar buna hazırdırlar və təxribatların qarşısını almaq üçün tədbirlər planları mövcuddur”.