İqtisadiyyat
Kənd təsərrüfatı məhsulları niyə bahalaşır?
“Bazarlarda kənd təsərrüfat məhsullarının qiymətinin artmasına səbəb məhsul azlığıdır”. Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, get-gedə istehsal azalır: “Pomidor, xiyar istixana şəraitində yetişdirilir. İndi get-gedə bunlar azalır. Bir müddətdən sonra bazara açıq şəraitdə yetişdirilən məhsul çıxarılır. Ona görə də məhsul az olduğu üçün qiymət də bahalaşır”.
Ekspert qeyd edib ki, toy-nişan şənliklərinin keçirilməsinə icazə verilməsinin qiymət bahalaşmasına hər hansı təsiri yoxdur: “Nəyə görə? Toy istehlakı artırmır. Toy istehlakın bir hissəsini öz üzərinə götürür. Qiymət artımına səbəb yalnız təklifin azalmasıdır. Təklifin də azalması mövsümlə bağlıdır. Havalar isti keçir, bu o deməkdir ki, bizim fermerlərin istehsal etdiyi məhsulun bir hissəsi xarab olub. Onların məhsulu soyuq şəraitdə uzun müddətə saxlamaq imkanları yoxdur. Məhsul da isti şəraitdə tez xarab olur. Məhsulun yetişmə prosesi dayanmır, sürətlə gedir. Bəziləri məhsulu tarlada qorumur, orada xarab olur. Məhsulun çox hissəsi də piştaxtada xarab olur, digər tərəfdən istehsalçılar onu qoruya bilmir. Bu, Azərbaycanda ən böyük problemlərdən biridir”.
Vahid Məhərrəmov bildirib ki, yığımı vaxtında həyata keçirmək üçün sahibkarları maarifləndirmək lazımdır: “Məhsul yığılan anda soyuducu anbarlara yerləşdirilməlidir. Bizdə elə anbarların sayı çox azdır. Adi halda məhsulun 20 faizi, havalar isti keçəndə isə 50-60%-i xarab olur”.