İqtisadiyyat

FHN-nin tender oyunları: Heydərov vergi borcu olan şirkəti qalib etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki Təzhizat İdarəsi elektrik generatoru, elektrik avadanlıqları və digər elektrik alətlərinin təmiri ilə istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri üzrə elan etdiyi tenderlərin qaliblərini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, hər iki tenderin qalibi “TNT ENGINEERING” MMC olub.  FHN görüləcək işlər müqabilində şirkətə 290 280 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyst məlumatlarında “TNT ENGINEERING” MMC-nin 09 avqust 2016-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 41, mənzil 11-dir. MMC-nin qanuni təmsilçisi Mürsəlov Şamxal Söhrab oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Baxmayaraq ki, MMC artıq 4 ildir fəaliyyət göstərir.
“TNT ENGINEERING” MMC əsasən FHN-nin elan etdiyi tenderlərin qalibi olur. Şirkətlə dövlət qurumu arasındakı dərin əməkdaşlığın kökləri isə bəlli deyil.
Nazirlik ötən il sözügedən şirkətə dəyəri 292 404 AZN olan tender verib. Bu müqavilə bağlanarkən “TNT ENGINEERING” MMC-nin 36.59 AZN vergi borcu olub. Şirkətin hazırda da 39.02 AZN vergi borcu var.
“Dövlət Satınalmaları haqqında” Qanununun 6.2.5-ci maddəsinə əsasən, tenderdə iştirak edən kommersiya qurumunun vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button