Gündəm

Şuşa bəyannaməsinin hədəfləri: bundan sonra nələr olacaq?

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini ana və əlavə müddəalar olaraq şərh edə bilərik.
İki ana müddəa var:
1. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu;
2. Bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi;
Əlavə müddəalar:
Birinci: İki ölkənin silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atacaq;
İkinci: İki ölkənin ordusu hərbi arsenalın təminatından tutmuş, təlimlərə qədər bütün istiqamətlərdə birgə formalaşdırılacaq;
Üçüncü: İki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirəcək və milli maraqların qorunması ilə bağlı qərarlar verəcək;
Dördüncü: İki ölkə beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirəcək;
Beşinci: Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq;
Şuşa bəyannaməsindən çıxan nəticələr və gözləntilər:
a) Qarabağda sülhməramlı kontigent saxlayan Rusiyanın əl-qolu bağlanır;
– Ruslar Xankəndidə Azərbaycana qarşı hər-hansı təhdid yaradacaqsa, qarşısında Türkiyəni görəcək;
– Bu, 5 il sonra – mümkündür ki, daha tez olsun – Rusiya sülhməramlılarının bölgədən çıxması və ermənilərin yaşaması üçün ayrılan bölgələrdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin başlanğıcı hesab oluna bilər;
– Ərdoğanın səfərindən öncə qeyd etdiyimiz kimi, Bakı bundan sonra 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası – erməni qoşunların çıxarılması tələbini sərtləşdirə bilər;
– Torpaqlarımızda separatçı rejimin və erməni terrorçuların neytrallaşdırılması məqsədilə mümkün anti-terror əməliyyatlarını Azərbaycan və Türkiyə ordusu birlikdə həyata keçirəcək;
b) Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsində artıq Türkiyə də tərəfdir;
– Sərhəddə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsi baş verərsə, Türkiyə də müşahidəçilər arasında olacaq;
– Mümkündür ki, sərhəd məsələsi də Türkiyə və Rusiya tərəfindən həll ediləcək;
– Sərhəddə maraqlarımıza qarşı yarana biləcək təhdidlər Türkiyənin iştirakı ilə neytrallaşdırılacaq;
c) Qarabağ məsələsi üzərindən Minsk qrupu formatının dirildilməsi cəhdləri baş tutmayacaq;
– Bölgədə praktiki addımlarla Azərbaycanın sərhədləri daxilində yarana biləcək təhlükələri neytrallaşdıran Türkiyə beynəlxalq siyasi platformada da bu cəhdlərə qarşı qalxan olacaq;
ç) Azərbaycan və Türkiyə ordusu de-fakto birləşir;
– Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsini həyata keçirəcək;
– Müdafiə sanayesi sahəsində birgə müəssisələrin yaradılması reallaşa bilər: Azərbaycanda İHA istehsal mərkəzinin açılacağı gözləniləndir;
d) Türkiyə Zəngəzur dəhlizinin də təhlükəsizliyinin qarantına çevrilir;
Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcıdır.
Və burada bir neçə mühüm məqamı da vurğulamaq lazımdır:
1. Azərbaycan sərhədinin təhlükəsizliyinin qarantı olan müttəfiqlik bəyannaməsi Qarabağda “status” arzularının da birdəfəlik dəfn edilməsi deməkdir, hətta “statusu” gələcəyə saxlayan Rusiya belə buna nail ola bilməyəcək;
2. Qarabağda və bütün bölgədə güc balansı Bakının xeyrinə dəyişdi;
3. Cənubi Qafqazda uzun illər tək güc olan Rusiya bölgəni Türkiyə ilə bölüşdü: bu, ruslara da sərf edir;
Azərbaycana qarşı Cənubdan, Şimaldan və Qərbdən gələ biləcək bütün mümkün təhdidlərin qarşısında artıq rəsmi olaraq Türkiyə var.
Asif Nərimanlı

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button