Dünya

“Qanun Bakı üçün yaşıl işıqdır” deyib imtina etdilər

Ermənistan müxalifəti parlamentin hakim fraksiya tərəfindən çağırılan fövqəladə iclasında iştirakdan imtina edib. Onlar hesab edirlər ki, “Mülki müqavilə”nin təklif etdiyi bəyanat layihəsi Ermənistan Respublikasının və Qarabağın maraqlarını əks etdirmir.

Bu barədə Ermənistan Milli Assambleyasında müxalifətin “Hayastan” fraksiyasının nümayəndəsi Artsvik Minasyan bildirib.

Minasyan qeyd edib ki, “hakim fraksiya müxalifət qüvvələrinin təklif etdiyi bəyanatın qəbulu üçün iclas çağırmaqdan imtina edib. Hakim partiyadan olan deputatlar bəyanatın mətnindən Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququna istinad edən bəndin çıxarılmasını tələb ediblər”.

“Dövlət Dumasının layihəsi müzakirə olunur ki, bu, nəinki Ermənistan və Qarabağa sərfəli deyil, həm də Türkiyə-Azərbaycan tandeminə kömək edə bilər. Əgər belə bir bəyanata ehtiyac varsa, o zaman dövlət tərəfindən qəbul olunsun. Duma, ölkə parlamenti deyil”, – deyə müxalifətçi bildirib.

Öz növbəsində, “Mənim şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan qeyd edib ki, Ermənistan respublikası və Qarabağ yeni müharibə astanasındadır:

“Ona görə də bəyanatda Ermənistanda yalnız humanitar problemləri göstərmək düzgün deyil. Sizin bəyanatınız nəinki mümkün təhlükələrin qarşısını almır, həm də Azərbaycan üçün yaşıl işıq yandırır”, – Abrahamyan hakim fraksiyadan olan deputatlara müraciət edərək narahatlığını dilə gətirib.

Bu arada “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan müxalifətin hərəkətlərini siyasi şıltaqlıq adlandırıb. Onun sözlərinə görə, müxalifət layihə təqdim edib, lakin hakim fraksiya birlik nümayiş etdirməyi və birgə bəyanatla çıxış etməyi təklif edib.

“Parlamentin bəyanatı konkret addımdır. Təbii ki, müxalifət bu təklifi qəbul etmədi, həm də müzakirədə iştirak etməkdən və şərh verməkdən imtina etdi. Bu, müxalifətin parlamentdə mitinq keçirmək istədiyini göstərir”, – deyə o bildirib.

Milli Assambleyanın sədri Alen Simonyan bəyan edib ki, müxalifətin gündəliyi hamıya məlumdur və onun müzakirəsi vaxt itkisidir.

Qeyd edək ki, müxalifət qrupları saat 16:00-da Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button