Oskanyan: Paşinyanın bəyanatları müharibəyə səbəb oldu
Ermənistanın keçmiş xarici işlər naziri, revanşist qüvvələrin nümayəndəsi olan Vardan Oskanyan baş nazir Nikol Paşinyanın Qarabağ məsələsində uğursuzluğunun səbəblərini sadalayıb.
Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Oskanyan Paşinyanı sələfləri ilə məsləhətləşməməkdə günahlandırıb.
“Paşinyan bu məsələdə nə edəcəyini bilmirdi. Onun mövqeyi qeyri-müəyyən və xaotik idi. Təəssüf ki, sələflərinin heç biri ilə məsləhətləşmək istəmədi. Peşəkarları dinləmək istəməməsi uğursuzluğa səbəb oldu. Onun bəyanatları 44 günlük müharibəyə səbəb oldu. Bu bəyanatlar Bakıya onu deməyə əsas verdi ki, məsələni danışıqlar yolu ilə həll etmək mümkün deyil”, – eks-nazir vurğulayıb.
Oskanyan Paşinyanın rasionallığına şübhə etdiyini deyib, onu sələflərinə və Rusiya Federasiyasına nifrətdə ittiham edib. Yaranmış vəziyyətə səbəb kimi keçmiş XİN rəhbəri baş nazirin diplomatik və hərbi-siyasi biliklərinin olmaması, qərarların qəbulunda aydın proqram olmamasını göstərib.