Dünya

Kimə inanmalı: Putinə, yoxsa Tokayevə? – Politoloq

“Bu məsələdə Tokayev daha doğrusunu söyləyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Prezidenti Vladimir Putinin KTMT-nin lazım olduğu qədər Qazaxıstanda qalacağı barədə səsləndirdiyi fikrinin ardınca, Qazaxıstan Prezidenti Qasım Comərd Tokayevin iki gündən sonra sülhməramlı qüvvələrin çıxarılmasına başlanılacağı və 10 günə tamamlanacağı fikri arasındakı təzadları şərh edərkən deyib:
“KTMT-nin Qazaxıstandan çıxmasıyla bağlı veriləcək hüquqi qərar nə bu quruma, nə də Rusiyaya məxsusdur. Çünki dəvət edən dövlət ərazisində sabitliyin təmin olunduğu və təhlükənin aradan qaldırıldığı qənaətinə gəldiyi andan həmin qüvvələrin Qazaxıstan ərazisində qalmasına ehtiyac da qalmır. Bu baxımdan belə bir ehtiyacı hiss etmədiyi halda Qazaxıstan dövlət rəhbərliyi KTMT qüvvələrinin çıxarılması qərarını qəbul edə bilər və əsas da budur”.
Putinin açıqlamasına gəldikdə, həmsöhbətimizə görə, o bu yöndə açıqlama verə bilməz, ona görə də dediyi fikirlərində konkret vaxt göstərməyib:
“Çünki Putin problemlərin olduğu və təhlükənin yaşandığı ölkənin prezidenti deyil. Belədə, həmin məsələdə Qazaxıstan prezidenti Tokayevin qərarına üstünlük verilməlidir”.
 
N. Mirinin fikrincə, ümumiyyətlə, KTMT-nin Qazaxıstanda varlığı və müddət məsələsi sadəcə beynəlxalq ictimai rəyi məşğul etmək üçün ortaya atılıb:
“Yəni rus qoşunlarının Qazaxıstanda qalıb-qalmaması o qədər də əhəmiyyət kəsb etmir. Çünki Moskvanın istədiyi geosiyasi məsələlər demək olar ki, onun xeyrinə həll olunub. Rusiya hərbi müdaxilə ilə Tokayevin hakimiyyətini xilas edibsə, demək, onun ödəniləcək bədəlləri də olacaq. Bu da müəyyən mənada geosiyasi güzəştləri özündə ehtiva edir. Həmin güzəştlərin nələrdən ibarət olacağını isə perspektivdə görəcəyik. Qazaxıstanda bir və ya iki gün qalıb-qalmamasının Moskva üçün strateji əhəmiyyəti yoxdur. Rusiyanın buna ehtiyacı da yoxdur. Çünki onun burada çox qalması Qərbdən təzyiqlərin artmasına səbəb ola bilər. Ona görə də düşünürəm ki, Tokayevin dediyi kimi, qısa zaman çərçivəsində KTMT ordusu Qazaxıstanı tərk edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button