Cəmiyyət
“Toyda generalın qaynı qızı yoxa çıxdı, bu, mənə təzyiq idi” – Generalların məhkəməsi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə dindirilmələri başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Rahib Ağayev ifadə verib.
O, təqsirləndirilən 4 nəfərdən yalnız Elcan Abdullayevi şəxsən tanıdığını deyib: “Mən 1992-ci ildən müxtəlif hərbi hissələrdə sürücü kimi xidmət etmişəm. 2003-cü ildə hərbidən tərxis olunmuşam. General-leytenant Yaşar Aydəmirovun sürücüsü olmuşam.
Bir gün mənə özünü mayor Ruhlan Cəfərov kimi təqdim edən şəxsdən zəng gəldi. O, MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsindən zəng etdiyini bildirdi. O nömrədən 3 gün dalbadal zəng gəldi. Məsələni Yaşar Aydəmirova danışanda dedi ki, get, gör nə deyirlər. Mən ora gedəndə dedilər ki, sən hərbidə işləyən vaxt bir əsgərə saxta sənəd düzəltdirmisən. Guya ki, bir əsgər var, diplomunu ala bilməyib. Əslində ilyarım əsgərlik çəkməli imiş, amma mənim düzəltdiyim yardım sayəsində 1 il əsgərlik çəkib. Bildirdim ki, mənim bu işlə heç bir əlaqəm yoxdur. Dedilər ki, yaxşı, sənə bir ərizə yazdıracağıq, ona qol çək, sonra get. Ərizəni yazıb imzaladım ki, guya mən bu əmələ görə 1000 manat rüşvət almışam. Sonra Elcan Abdullayev dedi ki, gözlə rəisə məlumat verim, gəlirəm. O geri qayıdanda əlində bir vərəq gətirdi. Orada yazılmışdı ki, 150 min dollar pul ödəməliyəm. Mən etiraz etdim, dedim əgər, bu əməli törətmişəmsə, prokurorluğa deyin, gəlsin araşdırsın. Mənə dedilər ki, “bizim podvalımız da var, məhkəməmiz də, səni heç bu binadan çıxmağa qoymarıq”. Elcan Abdullayev dedi ki, “pulu ödəməsən, səni həbs edib, vətən xaini elan edəcəyik”.
Zərəçəkən ifadəsində bildirib ki, general Yaşar Aydəmirovdan da kömək istəyib: “Məni şantaj elədilər. Məsələni general Aydəmirova danışdım, kömək istədim. Dedim ki, onlarla görüşsün, danışsın. Xeyri olmadı, bildirdi ki, deyiblərsə, pulu alacaqlar. Pulu toplamaqda 10 min dollar Aydəmirov özü kömək etdi, 40 min dollar onun dediyi bir adam yardım elədi, qalanını da borc-xərc edib düzəldib verdim”.
Elcan Ağayev əvvəlcə Ruhlana 100 min dollar idarənin binasında, sonra da üç dəfə olmaqla şəhərdə 50 min dollar verdiyini deyib: “Bu hadisələr 2013-cü ildə baş verib. Həmin ərəfədə məni daim qara maşın izləyirdi. Evimə basqın edildi, qızıllar oğurlandı. Şikayət etsəm də, basqın edənlər tapılmadı. Övladımın toy günü restoranda tanımadığım adamlar görürdüm. Toya qonaq gələn general Aydəmirovun qaynı qızı birdən yoxa çıxdı, gecə saat 3-də tapıldı. Bütün bunlar təsadüf ola bilməzdi. Mənə təzyiqlər olurdu ki, pulu ödəyim”.
Zərərçəkmiş bildirib ki, yalnız 100 min dollar MTN əməkdaşlarına veriləndən sonra onlarla görüşüb: “Qorxumdan hər dəfə onlarla görüşəndə üstümdə diktofon aparırdım. Səs yazılarının hamısını məhkəməyə təqdim etmişəm. Evdə yoldaşıma demişdim ki, mənə nəsə olsa, səs yazılarına baxarsan. Məndən həmişə pulu Ruhlan Cəfərov götürürdü. Bir dəfə mənə dedi ki, məsələ mənlik deyil, “məni də sıxırlar, məcburam”. Mən ona dedim ki, mənimlə mülayim danışma, mənə nəsə deyəndə söyüşlə də deyə bilərsən. Çünki mən pul axtarmaqdan öz anamın qəbir daşını qoydura bilməmişəm. Anasının qəbir daşını qoydura bilməyən insan hər söyüşə layiqdir”.
Daha sonra qarşı tərəfin vəkilləri zərərçəkmişdən niyə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini soruşublar. O, qorxduğunu bildirib: “Vətən xaini elan edilib həbsə salınmaqdan qorxdum. Mən generala kimi müraciət etmişəm, kömək edə bilmirsə, daha nə edim. Prezidentin çıxışından sonra qərara gəldim ki, müraciət edim. Elcangil pulun 58 min manatını qaytarıblar. Mənə dedilər ki, pulun qalanını get Aydəmirovdan al”.
Qeyd edək ki, məhkəmə prosesində adıçəkilən general-leytenant Yaşar Aydəmirov hərbi birlik komandiri olub, hazırda ehtiyatdadır.
Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.