Cəmiyyət

Tatyanobalı cəsur döyüşçü: Bir Şəhidin yazdığı tarix

Qısa tanıtım:  Lətifov Rəşid Güləhməd oğlu 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub.  2006- 2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil alıb. 

2018-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon  Şöbəsi tərəfindən həqiq hərbi xidmətə  çağırılıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub. 2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə  böyük şücaət göstərib.

Oktyabrın  1-də   Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Rəşid Lətifov şəhid  olub. Bir müddət  döyüş meydanında qalan nəşi tapılandan sonra  29 dekabr 2020-ci ildə doğulduğu Tatyanoba kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Deyirlər, insan  bu dünyaya öz bəxti, taleyi ilə birgə göz açır.  Həyatımızda ən çox işlətdiyimiz ifadələr arasında “taleyi belə gətirdi, qisməti belə imiş” inancıdır. Yəni nə qədər, çalışsaq  da  taleyi, qisməti dəyişmək mümkün deyil. İstər uzun olsun, istər qısa, insan həyatı varlıqla yoxluq arasında  məsafədir. Bəzən deyirlər ki, ömür bir göz qırpımı qədər qısa, su içimi qədər gödəkdir.   Xatirələrdə  əbədi qalmağın  isə   uzun və  ya qısa ömür sürməklə heç bir əlaqəsi yoxdur. Elə insanlar var ki,  onlar “su içimi qədər” qısa ömründə  böyük   fədakarlıqlar  edir, adları Vətənin qəhrəmanlıq salnaməsinə  yazılır. Xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanan  oğullardan   biri də  Tatyanobanın  igid oğlu   Rəşid Lətifovdur.

Ucaboylu bu  sarışın oğlan  təbiətcə   çox sakit  olub. Yeniyetmə yaşlarında çox yaxşı futbol oynamağı ilə tanınıb.   Arzusu polis  olmaq  idi.   Lakin  ilyarımlıq hərbi  xidməti   ərzində  Rəşid əsl vətənpərvərlik dərsi  keçib. Vətənə, xalqa, dövlətə sevgi  hissi   onun həyatının mənasına çevrilib.  Müvəqqəti hərbi xidmətdə olarkən  silahla davranmağı da  çox gözəl   mənimsəmişdi. “N” saylı hərbi hissənin komandiri  polkovnik Əflatun Nurəliyev Rəşidin valideynlərinə ünvanladığı təşəkkür məktubunda yazırdı:

“…Oğlunuz Rəşid hərbi xidmətini bizm  hərbi hissədə keçirir. Rəşid özünü qısa müddətdə nizam-intizamlı, qorxmaz, cəsur və  igid Azərbaycan əsgəri kimi göstərmişdir. Ona həvalə olunmuş silahı mükəmməl öyrənib, azgın düşmənin məhvi üçün onun imkanlarından məharətlə istifadə etməyə hazırdır. Rəşid hərbi hissədə vətənpərvərliyi və qayğıkeşliyi ilə  yoldaşlarının  və hərbi hissə komandanlığının dərin hörmətini qazanıb. Əla xidmətinə və nümunəvi   intizamına görə  dəfələrlə komandanlıq tərəfindən təşəkkürlərlə təltif olunub.. Rəşid  müstəqil Azərbaycanın mənafeyini  müqəddəs   tutaraq  torpaqlarımızın bütövlüyü uğrunda öz əsgəri borcunu  layiqincə yerinə yetirir. Vətənimiz Azərbaycanın etibarlı   müdafiəçisi olan Rəşid kimi oğul tərbiyə edib, böyütdüyünüzə görə  sizə təşəkkür edirik… Rəşid kimi övladınız olduğu üçün fəxr edə bilərsiniz. Sizə uzun ömür və Qələbə sevinci arzulayıram.”

Ömrünün 32 ilini Vətənə həsr edən 17 yaşında 1-ci Qarabağ müharibəsində,  2016 -cı ildə Aprel döyüşlərində  iştirak edən təcrübəli  polkovnik Əflatun Nurəliyevin sıravi əsgərə diqqət və qayğısı Rəşidin qəlbində hərbi peşəyə böyük maraq  oyatmışdı.   Ona görə də  Rəşid Lətifov həqiqi hərbi xidmətdən tərxis olunandan bir ay sonra  Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusu ilə üç il müddətinə müqavilə imzalayaraq   MAXE kimi  qulluq etməyə başlayır…

Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarınıln 3 -cü  Ordu Korpusunda təlimlər keçən Rəşid  həmlə   taborunda  müddətdən artıq hərbi xidmətini  həvəslə davam etdirirdi.  Onun xidmət etdiyi hərbi  hissə Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində yerləşirdi.  Vətənə   yaxşı xidmət müqabilində təşəkkürnamələr alması  Rəşidin   hərbi qulluqçu  kimi özünə inamını da artırırdı, məsuliyyətini də…

Müqavilə vaxtı başa çatanda Rəşidin  məqsədi gözaltı elədiyi qızla  nişanlanmaq idi. Lakin Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar, Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından soraq verən bəyanatları  müharibəni qaçılmaz etmişdi. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatının  qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu   bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.

Rəşidgilin həmlə taboru  da  döyüş tapşırığını  şərəflə yerinə yetirərək Murov dağ silsiləsi istiqamətində “Canavar qulağı” adlı  yüksəklikdə ermənilərin  bir neçə  postunu ələ keçirdi.  Düşmən xeyli sayda  canlı itki   verib geri çəkildi.  Müharibənin ilk günü  gədəbəyli  dostu Seymur Allahverdiyevin  Rəşidin   qolları üstə şəhid olması onu çox bərk sarsıtdı.

Oktyabrın birində  ayağından ağır yaralansa da  Rəşid  təxliyədən imtina edərək döyüş meydanını tərk etmir. Murov dağı silsiləsindəki strateji əhəmiyyətli yüksəkliyi əldən  vermək istəməyən düşmən  əks-həmlə taborunu  güclü artilleriya  atəşinə tutur.   Rəşidin   yaxınlığına düşən  mərminin qəlpəsi onu başından ölümcül  yaralayır və  bu, onun Murov dağ silsiləsində yerləşən”Canavar qulağı” adlı  yüksəklikdə son döyüşü olur…

3 aydan  sonra şəhidliyi təsdiqlənən  Rəşid son dəfə sentyabrın 25-də ailəsi ilə əlaqə saxlamışdı. Nəşi dekabrın 29-da Masallı rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Tatyanoba kəndində son mənzilə yola salındı. Güllütəpə kənd tam orta məktəbinin direktor müavini Rövşən  Muxtarov canını Vətən uğrunda  fəda edən Rəşidin boya-başa  çatdığı  evi ziyarət etməkdə bizə yardımçı oldu. Bildirdi ki,  məktəbin müəllimi  İlham Əsədov  u ərazidən  olan Vətən müharibəsinin şəhidləri Rəşid Lətifovun, Şəmsəddin Təhməzovun, Ülvi Nüsrətbəylinin və  Raqib Əzizovun  xatirələrinə  şeirlər ithaf edib.  Rövşən müəllim bədii qiraətçi məharəti ilə  o şerlərdən bir neçəsini  bizə oxudu və şəhid Rəşid Lətifovun atası Güləhməd kişi, anası Sevinc xanımla , məktəbli qardaşı Əhmədlə həmsöhbət olmağımıza körpü saldı.

20 yaşlı Murov qəhrəmanı  barədə  xatirələr, İlham müəllimin şəhid şagirdinə həsr  etdiyi şeirindəki  bir-birindən gözəl obrazlı ifadələr  mənə 44 günlük Vətən müharibəsi zamanı sosial şəbəkədə Vüsal Hicran adlı  bir müəllifin paylaşdığı  şeirin məzmunu xatırlatdı:

“Keçmiş  şagirdinin  şəhid xəbərini eşidən tarix müəllimi  hamı kimi bərk sarsılır. Və xəyalən bir anlıq geriyə qayıdır, yadına düşür ki, tarix dəsinə  hazaırlıqsız gələn  həmin  şagirdini  çox danlayıb, tənbeh edib və ona  iki yazıb.  İndi müharibə zamanı igidlik göstərən həmin  şagirdinin Azərbaycan  bayrağına bükülmüş  cənazəsinə   baxa-baxa düşünür ki,  müəllim də  çətin sullar qarşısında  səhv edə bilər  və sonda   ETİRAF edərək  belə deyir:

“Bilməzdim tarixdən iki alanlar,         

Özləri nə vaxtsa tarix yazacaq…”

Öz  şagirdinin   xatirəsinə   İlham Əsədovun həsr etdiyi şeirdə ifadə etdiyi  kimi, “Rəşid al qanı ilə tarix  yazan”  tatyanobalı cəsur  döyüşçü olub. Rəşidlər, şəmsəddinlər,  ülvilər, raqiblər bir göz qırpımı qədər ömür yaşasalar da  həmişə xatırlanacaqlar.  Allaha şükürlər olsun ki, doğma Azərbaycanımızın bütün şəhidləri  kimi,  onların da qanı yerdə qalmadı. Bu gün şəhidlərimizin  ruhları  şaddır. Bilirlər ki, bu Vətən, xalq onlara əbədi minnətdardı! Nur içində yatsınlar, nur üzlü Şəhidlərimiz! Allah ailələrinə, əzizlərinə səbr versin!

Nurəddin ƏDİLOĞLU,

“Cənub.az”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button