Rüfət Səfərov: “Əgər diqqətdə saxlamasaq, dükan sahibi “əlini cibinə salacaq” və iş bağlanacaq”
Sosial şəbəkələrdə bir neçə gün əvvəl ruhi-əsəb xəstəsi olan şəxsin dükan sahibi tərəfindən zəncirlənərək, cəzalandırıldığına dair görüntülər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 43 yaşlı ruhi-əsəb xəstəsi Sabunçu qəsəbəsində marketlərdən birinə daxil olaraq, bir şüşə qazlı su içib. Dükanın sahibi, 24 yaşlı Rahib Lətifov isə onu cəzalandırmaq üçün boğazına zəncir taxaraq, ona qarşı cinayət törədib.
Qeyd edək ki, məsələ Daxili İşlər Nazirliyində araşdırılıb. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq, marketin qarşısındakı dirəyə bağlayaraq, mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb.
Məlumatda deyilir ki, törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.
JAMAZ.İNFO xəbər verir ki, məsələyə hüququ müdafiəçisi, keçmiş prokuror və siyasi məhbus Rüfət Səfərov hüquqi və mənəvi qiymət verib. O bildirib ki, vətəndaş 1 şüşə yox, 100 şüşə oğurlasaydı belə, burada cinayət məsuliyyətindən bəhs etmək olmaz. “Çünki bir şüşə suyun qiymətini maksimum 50 qəpikdən hesablasaq, bu, 50 manat edir. Cinayət qanunvericiliyinin tələbinə görə isə əmlak mülkiyyətçisinə 500 manatdan aşağı ziyan vurduqda inzibati məsuliyyət yaranır-xırda talama.
İnzibati Xətalar Məcəlləsinin tələbinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə – yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.
Onun sözlərinə görə, dükan sahibinin imkansız, çəlimsiz bir şəxsə qarşı belə qəddarcasına davranması, yayılmış videolardan göründüyü kimi, “it kimi qalacaqsan burada”,- deməsi təkcə mənəviyyatsızlıq deyil, eyni zamanda cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsidir, yəni cinayətdir.
Səfərov bildirir ki, videoya diqqətlə baxdıqda məlum olur ki, dükan sahibi zəruri müdafiə həddini aşıb. “O, ruhi və psixi vəziyyəti qaydasında olmayan zavallının boynuna zəncir salaraq qıfıllayıb, qanunsuz azadlıqdan məhrum edib ki, bu da Cinayət Məcəlləsinin 145.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Həmin maddə üzrə dükan sahibini iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir”.
Keçmiş prokuror vurğulayır ki, dükan sahibi Cinayət Məcəlləsinin 148-ci məddəsinə (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) əsasən də cinayət məsuliyyəti daşıyır. “Həmin maddənin də sanksiyasına əsasən onu min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Rüfət Səfərov təklif edir ki, hazırkı mətnin yayılmasına yardımçı olmaq lazımdır. “Çünki insanlıq və hüquqla bir araya gəlməyən əməl sahibinin layiq olduğu həddə cəzalandırılmasına müvəffəq olaq. Əks təqdirdə, dükan sahibi “əlini cibinə salacaq” və iş bağlanacaq”.