Musiqi üzrə ixtisaslara test imtahanı keçiriləcək
11 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçiriləcək.
DİM-dən Modern.az-a verilən xəbərə görə, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq.
Abituriyentlər «İmtahana buraxılış vərəqəsi»ni buradan çap edə bilərlər.
İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.
İmtahanda 1072 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 879 nəfər musiqi nəzəriyyəsi və solfecio, 113 nəfər harmoniya və solfecio, 80 nəfər isə həm musiqi nəzəriyyəsi və solfecio, həm də harmoniya və solfecio fənləri üzrə imtahanda iştirakı gözlənilir.
Harmoniya və solfecio fənni üzrə imtahanın müddəti 1 saat 30 dəqiqədir. Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə imtahanın müddəti isə 1 saatdır.
Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunur.
İmtahanın qiymətləndirməsi fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır. Səhv cavablar doğru cavabların nəticəsinə təsir etmir.
Doğru cavablandırılan tapşırıqların sayı |
Qiymətləndirmə (balla) |
28-30 | 10 |
25-27 | 9 |
22-24 | 8 |
19-21 | 7 |
16-18 | 6 |
13-15 | 5 |
10-12 | 4 |
7-9 | 3 |
4-6 | 2 |
1-3 | 1 |
0 | 0 |