Cəmiyyət

Həkimlər Qubad İbadoğlunun səhhətinin çox təhlükəli həddə olduğunu bildirib – Vəkil

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin təmin edilməməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından şikayətə baxılacaq.
Jamaz.info
xəbər verir ki, vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, İbadoğlunun ciddi xəstəlikləri onun təcridxana rejimində saxlanılmasına imkan vermir.
“Ümid edirəm ki, apellyasiya məhkəməsi Qubad İbadoğlunun ciddi xəstəliklərini nəzərə alıb onu ev dustaqlığına buraxacaq. Mən avqustun 4-də 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad bəylə görüşdüm. Qubad bəy bildirdi ki, avqustun 3-də onu həkim komissiyası (kardioloq, endokrinoloq və başqa həkimlər) müayinə edib. Onun ürəyinin şah damarında genişlənmə qeydə alıblar. O həmişə damarının genişlənməsini 3,7-də saxlayıb, amma son gündə genişlənmə 4.1 millimetrə çatıb. Həkim deyib ki, bu çox təhlükəlidir. Bununla yanaşı, həkimlər Qubad bəydə zob da aşkar ediblər. Şəkərlə bağlı sol gözü zəifləyib. Həkimlər ona deyib ki, xəstəlik göstəriciləri sürətlə dəyişdiyindən bir müddət sonra sağlamlığını nəzarətədə saxlamaq mümkün olmayacaq”, – o qeyd edib.
Vəkil bildirib ki, hazırda müdafiə tərəfi Qubad İbadoğlu barədə seçilmiş həbs qətimkan təbdbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz olunmasına çalışır.
“O sərbəst olmalıdır ki, daimi hərəkətdə olsun, xəstəliyini stabil saxlaya bilsin. Qubad bəy Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlananda kifayət qədər stres keçirib. Sonra da təcridxanaya köçürüldü. İndi hərkətsizlik, havasızlıq şəraiti onun təzyiqinin tez-tez dəyişməsinə səbəb olur. Həkim deyib ki, təzyiqin oynaması çox təhlükəlidir. Ani anda hər şey baş verə bilər. Qan təzyiqi gah 145 olur, gah 140 olur, gah 120-yə düşür. Həkim ona deyib ki, bu xəstəlik üçün qan təzyiqinin stabil qalması vacibdir”, – o bildirib.
Vəkil İbadoğlunun barəsində ev dustaqlığı tədbiri seçilməsinin vacib olduğunu deyib.
“O, ev dustaqlığına buraxılsa, azı ev şəraitində təzyiqi stabil qalar, dərmanlarına, qidalnmasına nəzarət olar. Həkimlər tapşırıb ki, təcridxanada gündə azı 4 dəfə şəkəri yoxlanılmalıdır. Təcridxanada onun saatı belə yoxdur ki, təzyiqini ölçdüyü vaxtı bilsin. Amma davamlı olaraq təzyiqi ölçülməlidir”, – Zibeydə Sadıqova deyib.
Öz növbəsində, Penitensiar Xidmət Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı sorğuya hələ cavab verməyib.
Avqustun 4-də Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edərək bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb.
Avqustun 5-də Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi onun sərbəst buraxılması tələbi ilə bəyanat, ölkənin onlarla tanınmış ziyalısı eyni xahişlə Prezident İlham Əliyevə müraciət qəbul edib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.
İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.
Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.
“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller ibadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button