“Ecofront” meşələri məhv edən “Beta”ya qarşı kampaniya başlatdı
Xəbər verdiyimiz kimi, Lənkəranın Haftoni kəndində yerləşən meşə massivi “Beta” Şirkətlər Qrupu tərəfindən məhv edilir. JAMAZ.İNFO xəbər verir ki, ümumi sahəsi 45 hektar olan meşəliyin yerində çay plantasiyasının salınması nəzərdə tutulub.
Qeyd edək ki, hadisə ilə bağlı sakinlərin etirazlarına da məhəl qoyan olmayıb. Onlar məsələni ictimailəşdirərək, “eko-terrorun” qarşını almağa çalışırlar.
Bu gün isə ekologiya sahəsində ixtisaslaşmış təşkilatlardan biri “Ekofront” bəyan edib ki, Haftoni kəndində meşə massivinin kütləvi şəkildə məhv edilməsinə etiraz olaraq kampaniya başladıb. Həmin kampaniyaya əsasən ərazini məhv edən “Beta” Şirkətləri Qrupunun məhsullarının alınmasından imtina edilir. Təşkilatın yaydığı məlumatda deyilir: “Lənkəran Rayonu Haftoni kəndi yaxınlığında 45 hektar meşə fondu torpağını çay bağı salmaq üçün məhv etməyə girişmiş “Beta” şirkətini baykot edək. Ərazinin “Beta” şirkətinə verilməsini ETSN də təsdiqlədi. Statusu maksimum paylaşın. Şirkət rəsmi cavab verib səhvini aradan qaldırmağa cəhd edənə qədər baykotu davam etdirək. Marketlər və restoranlar baykota qoşulsa lap təsirli olar. Hər kəs beta çayının əvəzinə seçdiyi çayın qutusu ilə şəkil çəkdirib paylaşsa baykot çağırışı daha da sürətlə yayılar.
#boykotbeta #BetaÇayıBoykotEt”