Cəmiyyət
AXCP üzvü 25 sutka həbs cəzası aldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon təşkilatının üzvü Ramiz Cəfərov həbs olunub. Noyabrın 3-də Sabunçu Rayon Məhkəməsində onun haqqında 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Cəbhəçi gənc polisin qanuni tələbinə tabe olmamaq ittihamıyla cəzalandırılsa da, üzvü olduğu partiya bu ittihamın saxta olduğunu bəyan edib. “Ramiz Cəfərovu noyabrın 3-də səhər saatlarında polislər yaşadığl evdən götürüblər. Onu Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparıblar. Saxlanmasının səbəbi barədə ailəsinə də heç nə deməyiblər. Sonradan xəbər tutublar ki, onu məhkəməyə aparıb, orada hakimdən onun haqqında 25 sutkalıq həbs qərarı alıblar”, – partiyadan bildirilib.
AXCP bəyan edib ki, Ramiz Cəfərovun cəzalandırılmasının səbəbi onun sosial şəbəkələrdəki fəallığıyla bağlıdır: “Son zamanlar bu istiqamətdə inzibati həbslər artmaqdadır. Bu da hökumətin fərqli yanaşmaya, tənqidi fikrə, ifadə azadlığına dözümsüzlüyünü sübut edir”.
Ramiz Cəfərov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək.
Hazırda AXCP-nin on nəfərə yaxın fəalı həbsdədir.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi mənsubiyyətinə görə təqib olunmadığını bildirir.