Cəmiyyət
Ağacları kəsib yerində bina tikən şirkətlə bağlı cinayət işi başlandı
Paytaxtın Nərimanov rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Nərimanov Rayon Prokurorluğundan JAMAZ.info-ya verilən məlumata görə, araşdırmalarla Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 37 A ünvanda “Şirvanşahlar” MMC tərəfindən inşa edilən hündürmərtəbəli binanın tikilməsi məqsədilə həmin ərazidə ümumi dəyərləri 16 min manat olan 9 müxtəlif cinsli ağacların kəsildiyi və 3 iri gövdəli ağacın zədələnərək inkişafdan qaldığı müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.
İstintaq davam etdirilir.