Araşdırma

Partiyalar qeydiyyatla bağlı nə düşünürlər?

Son günlər gündəmi zəbt edən əsas məsələlərdən biri siyasi partiyaların qeydiyyatı ilə bağlıdır. JAMAZ.İNFO xəbər verir ki, “Siysai Partiyalar haqqında” qanuna əsasən mövcud siyasi partiyalar Ədliyyə Nazirliyindən yenidən qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, nazirliyin telefon zəngləri əsasında gəldiyi qərara əsasən AXCP, Müsavat və REAL partiyaları qeydiyyata alınmayıblar. ƏN-dən bildirilib ki, hər üç partiyanın təqdim etdiyi üzv siyahısında adları qeyd olunan şəxslərin böyük əksəriyyəti haqqında “reyster məlumatı” tapılmayıb.

Bildirək ki, REAL partiyası bununla bağlı dünən mətbuat konfransı keçirib. Sədr İlqar Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi ilə konstruktiv müzakirələr aparıblar. Onun sözlərinə görə, bir ay ərzində sənədləri və üzv siyahısını yeniləyib, təkrar nazirliyə təqdim edəcəklər.

İlqar Məmmədov həmçinin onu da bildirib ki, əgər REAL qeydiyyata alınmazsa, parlamentdə təmsilçiləri olan Erkin Qədrili mandatından imtina edəcək. Lakin REAL sədri hazırda bununla bağlı hər hansı müzakirə getmədiyini də qeyd edib.

Bu əsnada İlqar Məmmədov daha bir iddia ilə çıxış edib. O deyib ki, çox adam REAL-ın qeydiyyat məsələsini bundan sonra necə bir ölkədə yaşayacağını anlamaqdan ötrü izləyir. “”Çıxaq gedək ya qalaq?” sualına cavab axtarır. Hökumət partiyanı qapatsa, biz özümüz Azərbaycanda qalsaq da, ölkə tədricən daha bir kütləvi beyin köçü yaşayacaq”.

JAMAZ.İNFO xəbər verir ki, Müsavat Partiyası da analoji addımı atmaq fikrindədir. Partiyanın başqanı Arif Hacılı nazirliyin qərarını pisləməklə yanaşı, sənədləri qaydasına salaraq təkrar təqdim etməyi düşünürlər.

AXCP isə sözügedən iki partiyadan bir qədər fərqli mövqeyə malikdir. Partiya sədri Əli Kərimli ƏN-in qərarını qəti şəkildə qəbul etmir və bunu saxtakarlıq hesab edir. Paralel olaraq, üzv siyahısını da tamamlayıb yenidən nazirliyə təqdim edəcəyini qeyd edir. Lakin AXCP rəhbərliyi bununla yanaşı, nazirlikdən tələb edir ki, “qanunaziddi hesab etdiyi məqamlarla bağlı yazılı açıqlama verməlidir. Eyni zamanda, partiya ƏN-dən aksiya keçirmək üçün şərait yaratmasını istəyir. “Nazirlik şərait yaratsın və biz 5000 üzvlə birlikdə Ədliyyə Nazirliyinin qarşısına toplaşaq. O zaman nə qədər üzvə sahib olduğumuzu görərlər. Hətta istəsələr, sayımızı da saya bilələr”.

Qeyd edək ki, indiyə qədər yalnız YAP-ın qeydiyyata alındığı barədə bilgi var. Digər partiyaların aqibətlərinə isə yaxın günlərdə aydınlıq gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, Avropa Şurası, Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin “Siyasi Partiyalar haqqında” qanununu qəbul etməsinə etiraz ediblər. Həmin qanunu demokratik əsaslardan uzaq hesab ediblər. Eyni zamandan, rəsmi Bakıdan qanuna ciddi dəyişiklik edilməsini istəyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button