İqtisadiyyat

Natiq Cəfərli: “Suallar çox, hesabatlı hökumət isə yox”

“Hökumətin son 5 ildə ən çox PR qurmağa çalışdığı sahələrdın biri aqrar sektordur. Hər dəfə rəsmi tədbirlərdə kənd təsərrüfatının analoqu olmayan inkişafından, qeyri-neft sektorunun aparıcı sahəsi olduğundan, ixracat potensialımızın artmasından danışırdılar”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri REAL partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu sahədə önə çıxan iki sahə haqqında daha çox danışılırdı –  Pomidor və findıq  ixracı. Cəfərli qeyd edir ki, faktiki rəsmi rəqəmlər tam tərsini deyir: “Bu ilin mart ayında cəmi 7,1 mln. dollar dəyərində pomidor ixrac edilib, keçən ilin mart ayında isə bu rəqəm 19,2 mln. dollar idi, yəni, 2,7 dəfə azalma var. Bu tək mart ayı üçün olan vəziyyət deyil, 2021-ci ilin yanvar-mart aylarında cəmi 21,3 mln. dollar dəyərində pomidor ixracı olub, 2020-ci ilin eyni dövründə isə 44 mln. dollara yaxın ixrac edilmişdi, azalma 2,1 dəfədən çoxdur”.

İqtisadçı fındıq ixracı ilə də vəziyyətin yaxşı olmadığını vurğulayıb. “Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 9,7 mln. dollar dəyərində fındıq ixrac edib – bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 4,4 mln ABŞ dolları və ya 31,2 % azdır. Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 28,5 mln dollar dəyərində fındıq ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 7,8 mln dollar, yəni, 21,5 % azdır”.

Natiq Cəfərli deyir ki, hökumətin rəqəmlərdə belə kəskin azalma olmasını analiz edib, etmədiyi məlum deyil. “Səbəblər araşdırılıbmı? Heç inanmıram, indi qalstuklu müəllimlərdən biri çıxıb deyəcək ki, Rusiya bəzi əngəllər yaratdı, pomidor ixracı azaldı. Amma izah edə bilməyəcək ki, nədən Azərbaycan bir bazardan bu qədər asılıdır?! Niyə yeni bazarları çıxış imkanları təşviq edilmir?! Niyə, məsələn, Şəmkir fermerləri vəziyyətlə bağlı qan ağlayanda, hayqıranda hökumətdən heç kim onlara dəstək olmadı?! Niyə pomidor sahəsini belə inhisara almaq cəhdlərinin qarşısı alınmadı?! Suallar çox, hesabatlı hökumət isə yox”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button