İqtisadiyyat
Metroda gedişhaqqı 70 qəpik olacaq?
“Bakı Metropoliteni” QSC metroda gedişhaqqının 70 qəpik olacağı barədə yayılan məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iqtisadiyyat.az-a açıqlamasında bildirib ki, “Bakı Metropoliteni” QSC-nin qiymət artırmaq kimi səlahiyyəti yoxdur.
Bununla əvvəllər Tarif Şurasının məşğul olduğunu xatırladan qurum rəsmisi deyib ki, hazırda bu səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindədir. O, buna görə də qeyd olunan məsələ ilə bağlı nazirliyin məşğul olduğunu vurğulayıb.
B.Məmmədov eyni zamanda bildirib ki, Metropolitenin əsas gəlir mənbəyi məhz sərnişindaşımadır: “Stansiyalarda yerləşdirilən ödəniş terminalları, bankomatlar, reklamlardan da gəlirlər əldə olunur. Lakin bu gəlirlər elə də böyük məbləğdə deyil. Ona görə də sərnişinin sayı metropolitenin gəlirlərinə birbaşa təsir göstərir”.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib. Bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gedişhaqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.